Qazax Teatrı “Pusquda”n istirahətə

post-img

Qazax Dövlət Dram Teatrı Əməkdar artist Xəzər Gəncəlinin türk yazıçı-dramaturq Cahit Atayın “Pusquda” pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın premyerası ilə 87-ci mövsümü başa vurub. Sənət ocağında növbəti teatr mövsümünün sona çatması münasibətilə toplantı keçirilib.

Mərasimin aparıcısı, aktyor Yusif Qoca mövsüm ərzində teatrda görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.

Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən rejissor Allahverdi Musayev çıxışında bildirib ki, teatr kollektivi yeni mövsümə daha böyük layihələr planlaşdırır, repertuar istər klassik, istərsə də müasir əsərlərlə zənginləşdiriləcək.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azad Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov kollektivi geridə qalan mövsümdə qazanılan uğurlar münasibətilə təbrik edib.

Sonra Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə teatrın daxili işlərində fərqlənən əməkdaşların mükafatlandırma mərasimi keçirilib.

Tədbir teatrın aktyorları Nəsimi Aşbazov və Zəmanə Dərvişin təqdimatında musiqi nömrələri ilə başa çatıb.

XQ

Mədəniyyət