Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı

post-img

İyulun 18-də Azərbaycan Respublikası Hesablama Palatasının evsahibliyi ilə Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) ilə Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ASOSAI və ARABOSAI-nin eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, toplantının gündəliyində yer alan əsas mövzular – “Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid”, eləcə də, “İqlim dəyişikliyinə qarşı mübarizə” zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir.

Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.

Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyini təmsil edən Jorje Antonio De Oliveira Francisko Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində təşəbbüslərinin təqdirəlayiq olduğunu, bu kimi platformaların ali audit qurumlarının qarşılıqlı öyrənməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

ARABOSAI-nin sədri Sultan Al-Otaibi isə Azərbaycanın regional əməkdaşlığın gücləndirilməsində rolundan danışıb. Hazırda dünyanın iki mühüm çağırışla - iqlim dəyişikliyinə qlobal reaksiya və süni intellektin sürətli inkişafı ilə üz-üzə qaldığını deyən ASOSAI-nin sədri Krişnan Sanqaran Subramanian isə iqlim dəyişikliyi və süni intellektin auditlərin gündəliyinə daxil edilməsinin vacibliyini qeyd edib.

 

Son xəbərlər