AMEA dünya elminə layiqli töhfələr verib

post-img

Dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyanın Münxen şəhərindəki “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev AMEA-nın 80 illik yubiley mərasimi ilə əlaqədar açıqlamasında bildirdi:

– Bu yubileyin dövlət səviyyəsində keçirilməsi və yekun təntənəli mərasimdə Prezident İlham Əliyevin iştirakı milli akademiyanın xalqımız üçün necə böyük əhəmiyyət daşıdığının yüksək göstəricisidir.

AMEA-ya verilən ən yüksək qiymət, dəyər ulu öndər Heydər Əliyevin bu elm məbədinə hər zaman atalıq qayğısı ilə yanaşması olmuşdur. Ümummilli liderin “Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik” tələbi sonrakı dövrdə uğurla gerçəkləşdirilib. Məhz Ümummilli liderin diqqət və qayğısı nəticəsində, ictimai-siyasi sistemdə baş verən kəskin dəyişikliklərə baxmayaraq, AMEA bütün dövrlərdə öz prinsiplərinə sadiq qalmışdır. Bu gün Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunması AMEA-nın hər bir üzvünü yeni fundamental elmi nailiyyətlər əldə etməyə, dövlətimizin elmi potensialını daha da gücləndirməyə səsləyir.

Professor Məsud Əfəndiyev AMEA-nın Azərbaycanı dünyaya tanıdan görkəmli alimlər və dahilər yetişdirdiyini söylədi:

– Akademiyanın həyətində gəzərkən və ya iclas zallarında olarkən, sanki, o böyük şəxsiyyətlərin ruhlarının orada pərvaz etdiyini hiss edirsən. Bu hiss hər nə qədər metafizik təsir bağışlasa da, elmə və elm adamlarına duyulan dərin hörmətin, mənəvi bağın təzahürüdür. Həm humanitar, həm də fundamental elm sahələrində dünyada sözünü demiş AMEA korifeyləri, görkəmli alimlərimizin əksəriyyəti ilə şəxsi tanışlığımız mənim üçün böyük bir məktəb olub. Bu elm xadimləri ilə ünsiyyət dünyagörüşümün formalaşmasında, elmə olan marağımın artmasında mühüm rol oynayıb. 2003-cü ildə ABŞ-da American Institute of Mathematical Sciences (AIMS) nəşriyyatında çap olunmuş “Fredholm Structures, Topological Invariants and Applications” adlı kitabımın giriş hissəsində Azərbaycan riyaziyyat məktəbinin yetirməsi olduğumu göstərmiş, Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov kimi görkəmli alimlərimizi qürurla yad etmişəm.

Dünyaşöhrətli soydaşımız sonda dedi:

– Belə bir fikir var ki, elmin Vətəni olmur. Lakin mən bu fikrə bir cümlə də əlavə edərdim: Elm ilə məşğul olan hər bir insanın Vətəni olur. Artıq 35 ildən çoxdur Almaniyada yaşayıb-yaratmağıma baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalmaqdan böyük şərəf və qürur duyuram. “İnanıram ki, məhz milli ruhda formalaşmış alimlərimizin səyləri nəticəsində AMEA-da fəaliyyət göstərən ziyalılarımız gələcəkdə də mühüm elmi nailiyyətləri ilə həm ölkəmizdə, həm də respublikanın hüdudlarından kənarda yaşayıb fəaliyyət göstərən elm adamlarını sevindirməkdə, qürurlandırmaqda davam edəcəklər.

Sonda elm məbədimiz AMEA-ya gələcək fəaliyyətində, elmi axtarışlarda uğurlar arzulayıram.

Hazırladı:
Ə.QABİL
XQ

Sosial həyat