Noyabrın 4-də Ədliyyə nazirinin müavini Mübariz Əhmədov və Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsində idarə rəisi Azər Cəfərov Hüququn Aliliyi üzrə Milli Forumda iştirak etmək üçün Tacikistana səfər ediblər.
XQ xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinə baş çəkib, Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq xatirəsini anıb.
Daha sonra nümayəndə heyəti Hüququn Aliliyi üzrə Milli Forumda iştirak edib.
İnsan hüquqlarının müdafiəsi, mülki və sahibkarlıq sahəsində qanunvericilik, həmçinin cinayət hüququ siyasəti kimi mövzuları əhatə edən tədbirə Tacikistan, Rusiya, Qırğızıstan və Türkmənistan ədliyyə nazirliklərinin rəhbər şəxsləri, BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Forumun açılış mərasimində çıxış edən nazir müavini Mübariz Əhmədov Azərbaycan və Tacikistan arasında 2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin iki ölkə arasında qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etdiyini vurğulayıb. Nazir müavini ötən il imzalanmış “Məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”un icra qurumları arasında əməkdaşlığa yeni imkanlar açacağını bildirib. Nazir müavini iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış “Əməkdaşlıq haqqında Saziş” çərçivəsində bir sıra konkret nəticələrə yönələn tədbirlərin, o cümlədən təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edib. O, həmçinin ölkəmizdə ədliyyə sahəsində şəffaflığın, səmərəliliyin və əlçatanlığın artırılması, rəqəmsal transformasiyanın gücləndirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verib. Forumun beynəlxalq təcrübə mübadiləsinə, hüquqi dəyərlərin təşviqinə və dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Forum çərçivəsində Mübariz Əhmədov Tacikistan Respublikasının, eləcə də tədbirdə iştirak edən digər ölkələrin ədliyyə nazirliklərinin rəhbər şəxsləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini müzakirə edib.
Forum öz işini tematik sessiyalarla davam etdirib.


