Tanınmış özbək publisisti və yazıçısı İsmət Kuçiyev “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

post-img

Tanınmış özbək publisisti, şair və yazıçısı, “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” kitablarının müəllifi İsmət Kuçiyev “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib.

Mükafat Azərbaycan xalqına qardaşlıq və dostluq münasibətinə görə İsmət Kuçiyevə təqdim edilib.

Sankt-Peterburq şəhərində yerləşən Rusiya Milli Kitabxanasında təşkil olunan “Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimində  “Azərbaycanın dostu” qızıl ordenini İsmət Kuçiyevə “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu bildirən Emil Nəsirli iki xalq arasında dostluğun dərin tarixi köklərə söykəndiyini vurğulayıb.

Emil Nəsirli bildirib ki, dövlətlərimiz arasında siyasi münasibətlər uzun müddətdir ki, strateji tərəfdaşlıq xarakteri daşıyır. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Emil Nəsirli əlavə edib ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Sonra Emil Nəsirli qeyd edib ki, İsmət Kuçiyev – məşhur özbək publisisti, yazıçısı, şairi, bir sıra kitabların müəllifidir. Onun 2022-2023-cü illərdə rus dilində yazılmış “Heydər Əliyevin zəfəri” adlı poeması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Bu əsərdə özbək yazar müstəqil Azərbaycanın qurucusu, güclü siyasi iradəyə və müstəsna liderlik keyfiyyətlərinə malik Heydər Əliyevin portretini yaradır.

2023-cü ildə İsmət Kuçiyevin “Azərbaycanın zəfəri” adlı daha bir kitabı nəşr olunub. Bu kitabda yazıçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçdiyi həyat yolunu və fəaliyyətini oxuculara təqdim edir. Müəllif qeyd edir ki, İlham Əliyevin şəxsiyyətinin formalaşmasında onun atası, böyük zəka və ləyaqət sahibi Heydər Əliyevin rolu danılmazdır, - deyə Emil Nəsirli qeyd edib.

Tanınmış özbək publisisti, şair və yazıçısı İsmət Kuçiyev öz növbəsində “Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasına və kollektivinə onu “Azərbaycanın dostu” qızıl ordeninə layiq gördüklərinə görə təşəkkürünü bildirib və Azərbaycan tərəfinin iki ölkə arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.







Mədəniyyət