"Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib

post-img

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq 2023-cü ildə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri Bölməsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı və ölkə ictimaiyyətinin iştirakı ilə görkəmli oftalmoloq alimə həsr olunmuş silsilə konfransların keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Qeyd olunub ki, həmin tədbirlər və monoqrafik tədqiqatlarla akademik Zərifə Əliyevanın misilsiz xidmətləri Azərbaycan cəmiyyətinə və dünya oftalmologiya elmi ictimaiyyətinə yenidən tanıdılıb. Həmçinin AMEA-nın “Təbirlər planı”na əsasən, Mərkəzi Elmi Kitabxana tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb, Biologiya və Tibb Elmləri Bölməsinin “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevaya həsr edilmiş xüsusi buraxılışı dərc olunub.

Akademik İsa Həbibbəyli Zərifə xanım Əliyevanın 100 illik yubiley tədbirlərində akademik A.Qarayev adına Fiziologiya İnstitutunun xüsusi fəallığı ilə seçildiyini, görkəmli oftalmoloq alimin yaratdığı və rəhbərlik etdiyi laboratoriyanın yerləşdiyi institutun onun qarşısında öz mənəvi borcunu ödədiyini bildirib. Həmçinin Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrində də görkəmli alimə həsr edilmiş tədbirlərin keçirildiyini vurğulayıb.

AMEA rəhbəri Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti ilə yanaşı, ulu öndər Heydər Əliyevin vəfalı və sədaqətli ömür-gün yoldaşı kimi daim onun yanında olduğunu, Azərbaycan xalqına XXI əsrin dünya liderlərindən biri olan, xalqımıza misilsiz qələbələr qazandırmış və ərazi bütövlüyümüzü tam bərpa etmiş Prezident, Ali Baş Komandan İlham Əliyevi bəxş etdiyini söyləyib.

AMEA prezidenti 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-un dövlətimizin və onun liderinin dünyadakı nüfuzunun bariz göstəricisi olduğunu deyib və bu uğurun təməlində Prezident İlham Əliyev kimi Lider yetişdirmiş həm Ulu öndərin, həm də Zərifə xanımın müdrikliyinin dayandığını vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Zərifə xanım görmə qabiliyyətinin bərpası ilə bağlı mühüm tədqiqatlar aparıb, Azərbaycan xalqının gözünə işıq olub və onun tədqiqatları ölkə başçısı tərəfindən ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə, yaşıl dünyamıza tam uyğundur.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxışında bildirib ki, böyük şəxsiyyət, xalqımıza və dünya oftalmologiya elminə əvəzolunmaz töhfələri ilə adını XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Zərifə xanım Əliyeva görkəmli alim, Əməkdar elm xadimi akademik Azərbaycanda oftalmologiya elminin əsasını qoymuş elm korifeyi və mərhəmətli həkim, əməlləri insan adına şərəf gətirən parlaq şəxsiyyətdir.

AMEA-nın vitse-prezidenti vəzfələrini icra edən akademik Gövhər Baxşəliyeva isə qeyd edib ki, Zərifə xanım ideal ömür-gün yoldaşı, ana olmuş, öz peşəkar elmi və həkimlik fəaliyyəti ilə bir çox həmyerlimizin gözlərinə nur vermişdir. Vitse-prezident qeyd edib ki, Ulu öndər daim Zərifə xanımın fəaliyyətini dəstəkləmiş, yüksəkixtisaslı oftalmoloq alim kimi yetişməsində ona dayaq olmuşdur.

AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə bildirib ki, Zərifə xanım insanların gözlərinə nur, şəfa bəxş etmiş Zərifə xanım elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.

Giriş nitqlərindən sonra akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə, həmçinin Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın “Akademik Zərifə xanım Əliyevanın ideyaları müasir dünyanın çağırışları prizmasından”, Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Yaşıl şəhərlər və insan sağlamlığı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin “Klassik ədəbiyyatda bahariyyələr”, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurası İdarə heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyevanın “Akademik Zərifə Əliyeva xatirələrdə: təbiətə həssas münasibət”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Vüsalə Gülmalıyevanın “Akademik Zərifə Əliyeva: insanların sağlamlığı keşiyində durmaq vətəndaşlıq missiyası kimi”, AMEA Folklor İnstitutunun Qadın təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Türk düşüncəsi və ekofolklor” və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanın “Gənclər elmin inkişafı və “yaşıl artım” siyasəti missiyasının daşıyıcılarıdır” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qabil YUSİFOĞLU
XQ

 





Sosial həyat