“San Xose” gəmisinin 3 əsrlik sirri

post-img

Atlantikin dibində 17 milyard dollar yatıb

Bugünlərdə Qərb mətbuatı belə bir xəbər paylaşdı: “1708-ci ildə Kolumbiya sahillərində ingilislərlə döyüş zamanı faciəli şəkildə batan nəhəng ispan gəmisi “San Xose” dənizin dibindən çıxarıla bilər”. Kolumbiya prezidenti Qustavo Petro isə 2026-cı ilədək yəni, prezidentlik müddəti bitmədən gəminin qalıqlarını çıxartdırmaq niyyətindədir. İspaniya isə sirli qalleonun onların mədəni irsi olduğunu iddia edir. “San Xose”nin qalıqlarını aşkar edən ABŞ şirkəti öz xidmətinə görə sulara qərq olan ağlasığmaz sərvətdən pay tələb edir. Bəli, “San Xose” gəmisinə görə baş verən bu qalmaqalın çox ciddi bir səbəbi var: 316 il bundan öncə dənizin dibinə qərq olan gəminin indiki dəyəri 17 milyard dollara bərabər qızıl, gümüş və zümrüd yükləri ilə birgə batmışdı. 

İtirilmiş ən böyük xəzinə 

“San Xose” adlı batmış gəmi barədə ilk rəsmi məlumat 2015-ci ildə Kolumbiya tərəfindən Karib dənizində Kartagena yaxınlığında bir qalleonun tapılması ilə mətbuata çıxıb. Lakin bu xəbər dəniz arxeoloqları və xəzinə ovçuları üçün yenilik deyildi. Hələ 1980-ci illərin əvvəllərində batmış obyektlərin bərpası üzrə ixtisaslaşmış bir şirkət “San Xose” barədə araşdırma aparmağa başlamışdı. Müəmmalı gəmi haqqında elə o vaxtdan bu günə qədər davam edən hüquqi mübahisələr başladı.

Hələlik aparılan tədqiqatlar zamanı qaleondakı yükün inventarını əks etdirən hər hansı sənəd aşkar edilməyib. ABŞ şirkəti “Sea Search Armada” gəmidə batan sərvəti 17 milyard dollar dəyərində qiymətləndirib. Şirkət gəminin yerini dəqiqləşdirdiyinə görə Kolumbiya hökumətindən  bu məbləğin yarısını tələb edir. BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasına Kolumbiyanın təqdim etdiyi 96 səhifəlik hesabatında “San Xose” "bəşər tarixində itirilmiş ən böyük xəzinə" adlandırılıb. 

“San Xose” dəniz səviyyəsindən 610 metrdən çox dərinliyə qərq olub. Bəzi mütəxəssislərin bildirdiyinə görə isə xəzinənin çökdüyü dərinlik 945 metrə qədərdir. Sözügedən dərinlik isə dalğıcların enə biləcəyi maksimal dərinlikdən çoxdur. Bu da qaleonu birbaşa tədqiqat üçün əlçatmaz edir. 2015-ci ildə Kolumbiya donanması sualtı qayıqlar vasitəsilə gəminin batdığı yeri tədqiq edib. O vaxtdan bəri Kolumbiya hökuməti həmin yerin xəritəsini gizli saxlayır. Son zamanlar “San Xose” ilə bağlı söz-söhbət aktuallaşıb. Hazırda Kolumbiya prezidenti Qustavo Petro xəzinənin dənizin dərinliklərindən çıxarılması üçün bu layihəyə kommersiya qurumlarını cəlb etmək imkanlarını nəzərdən keçirir. Yəqin ki bu işə dərin dəniz əməliyyatlarında yüksək təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb olunacaq. 

Bütün bunlar məsələnin hüquqi və iqtisadi tərəfləridir. Bu hadisəyə etik, tarixi prizmadan yanaşan bir çox  tədqiqatçlar gəminin dənizdən çıxarılmasının yanlış addım olduğunu düşünürlər. Texas A&M Universitetinin Dəniz arxeologiyası kafedrasının müəllimi Petr Boyakovski məsələni belə şərh edir:

"Əlbəttə, xəzinə ideyası cazibədardır, lakin bu cür ideyalar arxeologiya elminə bir zərbədir. Əgər məqsəd yalnız qızıl əldə etməkdən ibarətdirsə, obyekti araşdırmaq imkanı itiriləcək". 

Gəminin içindəkilərin təxmini dəyəri o qədər heyrətləndiricidir ki, başqa vacib detallar ört-basdır edilir. Petr Boyakovskinin fikrincə, heç kim “San Xose”ni dənizdən çıxarmağın nə qədər böyük məbləğə başa gələcəyindən danışmır. Onun hesablamalarına görə, təkcə axtarış gəmisinin  icarəsi və qaldırıcı avadanlıqların istifadəsi gündə yüz minlərlə dollara başa gələcək.

570 nəfərin əbədi yatağı  

2023-cü ilin noyabrında Kolumbiyanın bir sıra universitetlərindən olan bir qrup arxeoloq və digər sahələrin elm adamları ölkənin mədəniyyət naziri Xuan David Korreaya məktub göndərərək onu gəminin bərpasını maddi qazanc mənbəyinə yox, sırf elmi layihəyə çevirməyə çağırıblar. Məktubda qeyd olunur ki, həmin tarixi qəza zamanı “San Xose”nin göyərtəsində olan 570 nəfərin ölümü gəmini onların məzarlığı kimi hüznlü bir xatirə məkanına çevirib. 

Kolumbiya mediası prezident Petronun ötən il “San-Xose” sərvətinin bir hissəsini Boliviyanın yerli əhalisinə verməyə hazır olduğunu bəyan edib. Şərhçilərin fikrincə, xəzinənin əsil sahibi müstəmləkəçilərin istismar etdiyi yerli əhalidir və xəzinədən onlara pay ayırmaq vicdanlı qərardır. Lakin “San Xose”nin qaldırılmasında iştirak edəcək podratçı şirkət də öz payını istəyəcək. Bir gəminin qızılla dolu yükü isə dərhal banka yerləşdirilə biləcək qədər asan məsələ deyil. 

Hərbi gəmi olan “San Xose” 2001-ci ildən UNESCO-nun Sualtı Mədəni İrsin Qorunması Konvensiyasına əsasən, İspaniyanın mülkiyyəti hesab olunur. Lakin Kolumbiya bu konvensiyanı imzalamayıb. Gəmidəki yüklərin böyük hissəsinin Peru və Boliviya kimi ölkələrdən daşındığı məlum olsa da, gəmi Kolumbiya sularında batdığı üçün bu ölkə “San Xose”ni öz irsinin bir hissəsi hesab etməkdə israrlıdır. 

Murad Köhnəqala 

 



Maraqlı