Qırğız ziyalıları ilə görüş keçirildi

post-img

Qırğız Mədəniyyəti Günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Qırğızıstan və Azərbaycan ziyalılarının görüşü keçirildi. Tədbirdən əvvəl qonaqlar Azərbaycan ədəbiyyatı mədəniyyətinə dair dəyərli kitablarla tanış oldular. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Murad Hüseynov çıxışında aprelin 24-də Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan və Qırğızıstan Mədəniyyət Günləri”nin təntənəli açılış mərasimindən söz açdı. Bildirdi ki, bu, hər iki qardaş ölkənin milli bayramı olmaqla bərabər, eyni zamanda Qırğızıstan və Azərbaycanın inkişaf perspektivlərinin güclənməsinə təkan verir. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa bu yaxınlarda Qırğızıstanda səfərdə olduğunu dedi: - Qırğızıstanda TÜRKPA-nın sessiyasında, iqtisadiyyat komissiyasının iclasında idim. Tədbir bitəndən sonra Qırğızıstanın Tarix Muzeyinə gedəcəyimizi dedilər. Mən isə cavab verdim ki, Qırğızıstanın tarix və gələcək muzeyinə getmək istəyirəm. Onlar isə cavabında, Qırğızıstanda belə bir muzey yoxdur, dedilər. Dedim həmin muzey Bişkəkdə, Ata Beyt muzey-memorial kompleksində məşhur qırğız yazıçısı Çingiz Aytmatovun uyuduğu məkandır. Tarix və gələcəyi birləşdirən nadir şəxsiyyətlər olur. Çingiz Aytmatov da Qırğızıstanın həm tarixi, həm də gələcəyidir. Biz gedib onu ziyarət etdik. Ruhuna fatihələr oxuduq. Bu da o deməkdir ki, bizi birləşdirən tarixi dəyərlərlə yanaşı, həm də siyasi dəyərlərdir. Bəzən hər yerdə söyləyirlər ki, heyif Sovet höküməti dağılıb. Mən deyirəm ki, yaxşı ki, artıq Sovet höküməti yoxdur. Çünki, biz bir-birimizlə müstəqil dövlətin rəsmi şəxsləri kimi bir yerə toplaşıb belə gözəl söhbətlər edə bilməzdik. 

Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov türk dövlətləri birliyinin inkişafından söz açdı. Qeyd etdi ki, bu günlərdə Prezident İlham Əliyev belə bir cümlə işlətmişdi: “Türk dünyası bizim ailəmizdir. Bizi başqa yerdə gözləmirlər. Dünya bizi sıxır, həm də bu ailəyə daxil edir. Və hər dəfə hansı  köklərə mənsub olduğumuzu xatırladır. 

Sonra, tədbirə qatılan digər ziyalılar - Akademik Kamal Abdulla, AMEA-nın prezidenti İsa Həbibbəyli, Qırğızıstan mədəniyyət, informasiya, idman və gənclər siyasətinin birinci müavini Timurlan Ajimalıyev, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, AMEA prezidenti, akademik İsa Həbibbəyli, K. Moldobasanov adına Qırğız Milli Konservatoriyasının rektoru, Qırğızıstan Respublikasının Xalq artisti Muratbek Beqaliev, sabiq Xarici İşlər naziri, professor Həsən Həsənov və başqa ziyalılar çıxış edərək, hər iki qardaş ölkə arasında olan dostluq münasibətlərini yüksək dəyərləndirdilər. Görüşdə hər iki tərəfin nümayəndələri Qırğız və Azərbaycan ədəbiyyatı nümunələri haqqında da fikir mübadiləsi apardılar. 

Fidan SALMANOVA

XQ







Sosial həyat