Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatıb.
Beynəlxalq Çövkən Federasiyasından XQ-yə
Turnir 5–8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir arasında maraqlı qarşılaşmalarla yadda qalıb.
Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlib və Afrika Çövkən Çempionatının qalibi adını qazanıb.
Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunub:
1-ci yer – Nigeriya
2-ci yer – Niger
3-cü yer – Qana
4-cü yer – Misir
2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanıblar. Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.
Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunub və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb.




