Süni intellekt və robotların insanların işini əlindən ala biləcəyi məsələsi uzun müddətdir ki, müzakirə olunur. Digər tərəfdən, görünən odur ki, bu vəziyyətdən təsirlənən təkcə insanlar olmayacaq. Belə ki, “Throwflame” startapı tərəfindən hazırlanan “Thermonator” adlı robot it kürəyində daşıdığı alov qurğusu ilə hadisələrə müdaxilə edə bilir.
Bu qurğu alov yanacağı kimi benzin və ya napalm tipli maddələrdən istifadə edir. Akkumulyatoru 1 saat istifadəni təmin edən və 10 metr məsafəyə qədər alov püskürə bilən robot iti “Wi-Fi” və “Bluetooth” vasitəsilə də smartfondan idarə etmək mümkündür.
“Thermonator” ətrafının xəritəsini çəkmək və maneələrdən qaçmaq üçün LIDAR sensorlarından istifadə edir. Qurğunun əsasını "Unitree Go2" robot iti təşkil edir. Bu itin əsas versiyası 1600 dollara satılır. Şirkətin açıqlamasına görə, yeni robot vəhşi təbiətə nəzarət, kənd təsərrüfatının idarə edilməsi, ekoloji mühafizə, qardan və buzdan təmizləmə, eləcə də əyləncə və vizual effekt üçün istifadə olunacaq. Digər tərəfdən, robot it tez-tez real dünya ssenarilərində hər şeyi yandırmaq üçün istifadə edilə bilər. Bu robot itin isə qiymətinin 9420 dollar olacağı bildirilir.
Rizvan FİKRƏTOĞLU
XQ