ARDNF və Mətbuat Şurasının keçirdiyi müsabiqəsinin mükafatlandırma mərasimi

post-img

Dünən ARDNF və Azərbaycan Mətbuat Şurası tərəfindən fondun yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında keçirilən analitik yazı müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Fondda təşkil olunmuş tədbirdə ARDNF-nin icraçı direktorunun müavini Bəhruz Bəhramov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova, Mətbuat Şurasının üzvləri və jurnalistlər iştirak ediblər.

ARDNF-nin icraçı direktorunun müavini Bəhruz Bəhramov qalibləri təbrik edərək bildirib ki, Dövlət Neft Fondunun fəaliyyət göstərdiyi 25 il ərzində media qurumun ən önəmli tərəfdaşlarından biri kimi çıxış edib. Media ilə əməkdaşlığın şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurulduğunu qeyd edən Bəhruz Bəhramov ARDNF-nin fəaliyyət xüsusiyyətlərinin daim media nümayəndləri tərəfindən dolğun şəkildə işıqlandırıldığını bildirərək uzunmüddətli məhsuldar əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını vurğulayıb.

Jurnalistləri təbrik edən Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova fondla əməkdaşlıqdan məmnuniyyət duyduğunu və analoji müsabiqələrin media mənsublarının inkişafında və fəaliyyət göstərdikləri sahə üzrə ixtisaslaşmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Müsabiqə çərçivəsində 22 iyun - 20 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində media nümayəndələri tərəfindən ümumilikdə 35 müraciət daxil olmuş, ARDNF və Azərbaycan Mətbuat Şurasının əməkdaşlarından ibarət münsiflər heyətinin ortaq qərarı ilə ilk üç yerin qalibi və həvəsləndirici mükafata layiq görülən beş yazı daxil olmaqla ümumilikdə 8 yazı yüksək qiymətləndirilmişdir. 

Qaliblər arasında  “Xalq qəzeti”nin əməkdaşı Pünhan Əfəndiyev də var. 

 

XQ



Sosial həyat