Kamala Harris avqustun 7-dək rəsmən prezidentliyə namizəd ola bilər

post-img

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin avqustun 7-dək prezidentliyə rəsmi namizəd ola bilər. Demokratlar Partiyasının Milli Komitəsi avqustun 19-22-də Çikaqoda keçirilməsi planlaşdırılan partiya qurultayına qədər buna imkan verən reqlamentlər qəbul edib. Məlumatı “İnterfaks.ru” verib.

Komitədən verilən məlumata görə, təsdiq edilmiş əsasnamədə nəzərdə tutulub ki, prezidentliyə namizəd irəli sürmək üçün müraciət edənlər iyulun 28-i axşama qədər öz niyyətlərini rəsmən bəyan etməli, iyulun 30-dək isə azı 300 qurultay nümayəndəsinin imzasını təqdim etməlidirlər.

Səsvermə avqustun 1-dən avqustun 7-dək Demokrat Partiyasının qurultayının nümayəndələrinə göndəriləcək elektron bülletenlərdən istifadə edilməklə aparılacaq.

Hələ ki, Harris yeganə namizəddir. İyulun 28-nə kimi başqası namizəd irəli sürülərsə, cədvəl bir qədər dəyişə bilər. Lakin başqa namizədlərin irəli sürülməsi ehtimalı azdır.

P.ƏMİRCANOV

XQ

 

Dünya