Çarlz Vili: Qarabağda sürətli yenidənqurma və bərpa işləri Azərbaycanın əzmini nümayiş etdirir

post-img

MTP (Most Traveled People) səyahət klubunun təsisçisi olaraq Qarabağa turlar təşkil edirik. Ən çox səyahət edən insanları artıq üç il ərzində dördüncü dəfədir Qarabağa gətiririk. Biz Füzulidə, Ağdamda, Şuşada, Laçında və Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinin şahidi olmuşuq. Hər dəfə yenilik, dəyişiklik görmə insanı heyran edir. İnsanlar Qarabağa gəlməkdən böyük zövq alırlar. Düşünürəm ki, bu, gələcəkdə turizmin inkişafı üçün əhəmiyyətli olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu iyulun 25-də Qarabağa səfərə başlayan səyahətçilər heyətinin rəhbəri, adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vili jurnalistlərə açıqlamasında deyib.

Üç il əvvəlki səfərindən sonra xeyli dəyişikliklərin şahidi olduqlarını, eləcə də 2-ci Şuşa Qlobal Media Forumunda iştirak etdiyini vurğulayan Çarlz Vili bildirib: “Üç il əvvəl mən Şuşadakı məscidi gördüyüm zaman o dağılmaq üzrə idi. Son üç il ərzində bu məscid bərpa edilib və bu gün biz onu ziyarət edə bilirik. Bu həftə Şuşada beynəlxalq forum keçirildi. Beşulduzlu Şuşa otelində media forumunda iştirak etdik. Üç il əvvəl burada heç bir gözəl otel yox idi. Bütün bunların canlı şahidi olmaq həqiqətən xoş təsir bağışlayır. Üç il əvvəl xarabalıqların olduğu ərazilərdə əsl şəhər salınıb”.

Səfərə Füzuli Beynəlxalq Hava Limanından başladıqlarını xatırladan amerikalı səyyah qeyd edib: “Füzuli şəhəri də üç il əvvəl dağıntılar içində idi. İndi Füzulidə bütün şəhər tamamilə yenidən qurulur. Biz səfərimizə Füzuli Beynəlxalq Hava Limanından başladıq. Füzulidə, Zəngilanda, Laçında hava limanları mövcuddur. Hər il yeni yollar salınır, daha çox minatəmizləmə işləri həyata keçirilir. Burada sürətli yenidənqurma və bərpa işləri görülür və bu, Azərbaycanın əzmini nümayiş etdirir”.

Siyasət