Cəzaçəkmə müəssisəsində məhkum qadınlarla görüş

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin (SİVKTİD İB) təşkilatçılığı ilə həyata keçirilən “Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəlmiş tədbir həyata keçirib.

XQ xəbər verir ki, görüşdə Ədliyyə Nazirliyinin əməkdaşları, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, SİVKTİD İB sədri və layihə rəhbəri Zülfiyyə Nuriyeva, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli iştirak ediblər. 

Cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarına kömək məqsədilə məhkumların istəklərini və peşə imkanlarını nəzərə  alaraq, məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla SİVKTİD İB tərəfindən müxtəlif sahələr üzrə sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulması nəzərdə tutulmuşdur.

Daha sonra azadlığa buraxılacaq məhkumlar dinlənilib, bacarıq və peşələri barəsində məlumat alınıb. Sonda  məhkumluq müddətinin bitməsinə 3 ay qalmış qadınlarlardan ibarət "Qadın İcması" yaradılması qərara alınıb. Həmçinin layihə çərçivəsində hazırlanan "Sahibkar Qadın Portreti" kitabı məhkum qadınlara hədiyyə edilib.

Anar Əli

XQ



Sosial həyat