Özbəkistanın Nəqliyyat Sisteminin İnkişafı Strategiyasında 2035-ci ilə qədər yerli yüklərin dəniz limanlarına, xüsusən də Xəzər limanlarına sürətlə çatması üçün nəqliyyat dəhlizlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilir.
İlk addım 2023-cü il noyabrın əvvəlində Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Birinci Nəqliyyat Forumu çərçivəsində atılıb. Sonra Rusiya –Xəzər dənizi – Türkmənistan – Özbəkistan – Qırğızıstan beynəlxalq multimodal nəqliyyat dəhlizinin formalaşdırılması və inkişafı məsələsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, Özbəkistana Azərbaycan, İran və Gürcüstan vasitəsilə Türkiyəyə tədarük marşrutları qurmağa imkan verir.
Xəzər – Avrasiya Beynəlxalq və Sosial-Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Aleksandr Alekseyev deyir: “Özbəkistanın satış bazarı MDB standartlarına uyğun olsa da, hüdudsuz deyil. Dar bir çərçivə ilə məhdudlaşa bilməz. İxracın artırılması, o cümlədən Avropaya məhsulların göndərilməsi çox vacibdir. Bəs Özbəkistan, sözün həqiqi mənasında, hər tərəfdən çöllər və səhralar, keçilməz dağlarla əhatə olunubsa necə? Yalnız bir çıxış yolu var – qonşularla, ən böyük tərəfdaşlarla, o cümlədən Rusiya, Çin, Türkiyə, İran, Pakistan, Zaqafqaziyada xarici bazarlara yeni yolların axtarışında və yaradılmasında əməkdaşlıq etmək”.
İndi əsas vəzifə Qazaxıstandan yan keçməklə Xəzər dənizi ilə marşrut yaratmaqdır. Bu, birincisi, Qazaxıstan sərhədində sıxlığın qarşısını almağa, ikincisi, yük axınının bir hissəsini Həştərxan, Mahaçqala və Bakı limanlarına köçürməyə imkan verəcək. Bu istiqamət Özbəkistandan Rusiya və Avropaya malların tədarükü üçün ən qısa və ən sərfəli marşrutdur.
Xatırladaq ki, son vaxtlar Rusiya ilə ticarət dövriyyəsinin artımı 26,5 faiz (8 milyard 300 milyon dollara qədər) artıb. Üstəlik, Özbəkistandan ixrac 50 faiz artaraq 2 milyard 800 milyon dollara çatıb!
Daşkəndin son vaxtlar maraq göstərdiyi nəqliyyat marşrutlarından biri də "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat marşrutudur. Bu marşrutla bağlı 2019-cu ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin Buxarestdə keçirilən yığıncağında Bəyannamə imzalanmışdı. Bu günlərdə isə Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya 2024-cü ildə Buxarestdə "Xəzər dənizi – Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında dördtərəfli hökumətlərarası saziş imzalamağı planlaşdırır. Dəhliz Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan əraziləri boyunca Asiya dövlətlərindən Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya malların səmərəli daşınmasını hədəfləyən digər regional layihələrini tamamlayacaq.
Beləliklə, Xəzər və Qara dənizi regionunun inkişaf etmiş infrastrukturu bilavasitə bura daxil olan ölkələrin maraqları çərçivəsindən çıxır. Özbəkistan kimi ölkələrin də marağına səbəb olur. Bəs Özbəkistan bu marşruta necə qoşulacaq?
Qeyd edim ki, bu marşrut Avropa İttifaqının (Aİ) Avropa və Asiyanın birləşməsi və Mərkəzi Asiya üzrə yeni Strategiyasında yer alır. Bu strategiyada Özbəkistanın da yeri var. Onun “Xəzər dənizi – Qara dəniz" beynəlxalq nəqliyyat marşrutuna qoşulması üçün geniş imkanları var. Məsələn, Özbəkistan və Türkmənistanı sıx birləşdirən avtomobil və dəmir yolları var. Bu, Orta Asiya dövlətinin praktiki olaraq bütün dünya bazarları ilə birləşdirən iqtisadi cəhətdən rəqabətə dözümlü transmilli nəqliyyat dəhlizlərinə çıxış imkanlarını artırır.
Özbəkistan üçün nəqliyyat dəhlizləri arasında ən perspektivlisi isə Nəvai–Türkmənbaşı – Bakı – Qars və "Xəzər dənizi – Qara dəniz” marşrutlarıdır. Onlar Avropa, Şimali Afrika və Yaxın Şərqdəki bazarlara çıxışı təmin edir. Aİ ilə mövcud və digər potensial əməkdaşlıq formatlarından ən yaxşı şəkildə yararlanmağa imkan verir.
“Xəzər dənizi –Qara dəniz” beynəlxalq marşrutu həm Özbəkistana Uzaq Şərqə çıxışına imkan verəcək, həm də Şərq – Qərb və Cənub– Qərb nəqliyyat dəhlizlərinə bağlantı qazandıracaq. Habelə Qara dənizə giriş imkanı yaradacaq.
Bu marşrut Daşkənd ilə Bakı arasındakı ticarət dövriyyəsinin artmasına da xidmət edəcək. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin nəticələrinə görə 231,6 milyon dollardır. 2024-cü ilin göstəricilərinə görə, 15 faiz artım müşahidə olunur. Ticarətin 1 milyard dollara çatdırılması üzrə tədbirlər, o cümlədən tələbat olan malların təhlili əsasında idxalın dəyişdirilməsi, mütəmadi ticarət və işgüzar missiyaların keçirilməsi müzakirə edilir.
Beləliklə, Özbəkistan vaxtında yeni nəqliyyat dəhlizlərinə inteqrasiya olunarsa və bütün Mərkəzi Asiya üçün tranzit ölkəyə çevrilərsə, bundan yalnız xeyir götürəcək. Bu, dövlət gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəlməsinə təminat verəcək.
Qeyd etmək lazımdır ki, Özbəkistan dənizə çıxışı olmayan ölkədir. Dünya okeanlarına çıxmaq üçün isə, ən azı, qonşu 2 dövlətin ərazisindən keçmək lazımdır.
Pünhan ƏFƏNDİYEV
XQ