Ermənipərəst senatorun gözlənilən acı aqibəti
Başqa necə olmalı idi ki? On illər boyu ermənilərdən aldığın pulların müqabilində Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa rəvac ver, supergücün qanunverici orqanının tribunasından işğalçıya “züy” tut, işğala məquz qalanın ünvanına hədyanlar yağdır, sonra da erməni konyakından içib rahat yat? Axı haqsızlıq kərpiclərindən hördüyün o “divar”ın qurtaracağı bir nöqtə var. Hə, indi sən də gəlib o nöqtəyə çatdın. Bütün oğruların, rüşvətxorların, riyakarların və haramzadaların sonda başının əhlət daşına dəyəcəyi nöqtəyə!
Korrupsiyada, çirkli pulları yuyanlara lobbiçikdə, ABŞ-a qarşı xarici agent kimi fəaliyyətdə təqsirli bilinən Nyu-Cersi ştatından olan ermənipərəst demokrat senator Robert Menendez istefa ərizəsini yazmağa məcbur olub. Bu barədə məlumatı yayan “Reuters” agentliyi vətən xaininin avqustun 20-də Senatı tərk edəcəyini bildirməyi də unutmayıb.
Oxuculara arvadı erməni olan ispan əsilli senatorun bəd əməlləri, anti-Azərbaycan fəaliyyəti barədə bir neçə dəfə məlumat vermişdik. Bu məlumatı isə xüsusi həvəs və rahatlıqla çatdırırıq. Bir neçə gün əvvəl Nyu-York Məhkəməsi amerikalı ermənipərəst senator Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla, ümumilikdə, 16 maddə üzrə təqsirini sübuta yetirib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. İntəhası, onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Robert Menendez hələ Konqresdə fəaliyyət göstərdiyi zaman federal agent kimi müttəhimlər kürsüsünə çıxarılan ilk senatordur. Yəni bu adam vətənə xəyanətdə ittiham olunub. Üzdəniraq senator bu postda dələduzluqla məşğul olduğu, təxminən, 20 il ərzində ikinci dəfə idi federal Femidanın ittihamları ilə üzləşirdi. Birinci işdə “sudan quru çıxmağı” bacaran rüşvətxor “haypərəst” hakim heyətinin barəsində yekdil hökm çıxara bilməməsi səbəbindən azadlıqda qalmağı bacarmışdı. Amma bu dəfə onu, azı, 20 il dəmir barmaqlıqlar arxasında “xoş əyyamlar” gözləyir.
Doqquz həftə davam edən məhkəmədə münsiflər heyəti müzakirələrə üç gün ərzində 12 saat vaxt sərf edib. Proses barədə keçmiş federal prokuror Neama Rəhmaninin fikirləri maraqlıdır: “Bu, tarixi bir hökmdür. Çünki senator Menendez təkcə korrupsiyada deyil, həm də xarici hökumətin agenti kimi fəaliyyətdə ittiham olunur”. Rəhmani hesab edir ki, bu ittiham və hökm Bob Menendez kimi nüfuzlu və yüksək rütbəli senator da daxil olmaqla, heç kimin qanundan üstün olmadığını göstərir: “Əgər qanunu pozsan, rüşvət alsan, həbs ediləcəksən”.
Beləliklə, ermənilərin lobbi tələsinin növbəti qurbanı olan 71 yaşlı Menendezə ədalətin zəfər çalması münasibətilə başsağlığı vermək yerinə düşər. İndi onun düşdüyü acı aqibətin əsl səbəbləri barədə düşünməyə xeyli vaxtı olacaq.
İ.HƏSƏNQALA
XQ