Mana qövsü və “İynəli buzlar”

post-img

Təbiət bu gözəlliyi Rusiya Federasiyasının Kranoyarsk diyarındakı Mana çayının “əli ilə” yaradıb. Çay dağlar, nəhəng qayalar və hüdudsuz meşələr arasındakı ucsuz-bucaqsız axını ilə yuxarıdan baxanda at nalına bənzəyən bir qövs yaradıb. Xatırladaq ki, təkcə türklər deyil, dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər də sübut edirlər ki, rus dilində Krasnoyarskiy kray adlanan  bu yerin qədim adı türkcə Kızıl Yar olub. Yəni burada türk kökənli insanlar yaşayıb. Rəvayətə görə Mana çayının yaratdığı qövs də türk atlarının hansınınsa ayaq izidir. Təbii ki, yüz kilometrlərlə uzunluğu olan at nalı qədim nağıl və dastanlarda təsvir oluna bilərdi. Çar Rusiyası Kızıl Yarı işğal edəndən sonra bu diyarın  adını  Krasnoyarsk qoyub. Şəhərin köhnə adı isə hələ də unudulmur.

Elə  Mana çayının nəhəng qayalar massivi ətrafında dolanmasından yaranmış gözəlliklər haqqında da rəvayətlər danışılır. Rəvayətə görə, qüdrətli və xeyirxah cəngavər olan Beloqorixinin Mana adında qızı var imiş. Qız o qədər gözəl idi ki, ona baxanlar gözünü çəkə bilmirdi. Atası qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə onların ölkəsinə Yenisey adlı yaraşıqlı bir oğlan gəlir. Mananı sevənlər yüzlərlə olsa da, o, Yeniseyə vurulur. Öz gözəl qızından ayrılmaq istəməyən cəngavər Mananın Yeniseylə qovuşmasına icazə vermir və qız öz sevgisinin dalınca qaçmalı olur. Bir tərəfdə atanın, o biri tərəfdə qızın ah-naləsindən sonra yaranan dəhşətli fırtına, tufan və qasırğa yeri-göyü, dağı-daşı bir-birinə qatır.  

Əfsanəyə görə, indi Krasnoyarsk milli parkındakı asılı qalmış nəhəng qaya, Mana sütunları adlı möcüzəli şiş qayalar, Baba,  Nəvə qayaları, eləcə də “Çin səddi” adlandırılan uzun qayalar sistemi, nəhayət,  Mana qövsü və ilin yeddi-səkkiz ayında hamını heyran edən  “İynəli buzlar”  həmin fırtına və qasırğa nəticəsində yaranmışdır. “İynəli buzlar”ın  qeyri-adiliyi ondadır ki, bu çayın  üzündəki buz planetin şimal və ya cənub qütblərindəki buzlara qətiyyən oxşamır. Burada altı-yeddi ay hansı tərəfə baxırsansa,  çayın  səthindən aralanıb  25-30, bəzən əlli metr hündürə qalxan  buz  “iynələr” vahimə yaradır. Əslində, orada qorxulu heç nə yoxdur. Sadəcə, donmuş sudur. Ancaq nə üçün bu su başqa yerlərdəki kimi donmur? Elə çoxminli turistləri buraya gətirən də həmin sualdır. 

Rəvayətin sonunda deyilir: Mana və Yenisey yüz illərdir ki, bir-birindən aralı, göz yaşları ilə axıb gedirlər. Mananın atası isə üzləşdiyi faciədən sonra 
(öz günahına görə) həm mənəvi, həm də fiziki cəhətdən donmuş, sonra daşa dönərək yay aylarında belə zirvəsindəki qar əriməyən Mana Ağdağına (Манское Белогорье) çevrilmişdir. 

Yazı rusiyalı mütəxəssislərin tərtib etdiyi https://kras-stolby.ru/about/ portalının materialları əsasında hazırlanmışdır. 

İttifaq MİRZƏBƏYLİ

 

Maraqlı