Bu qızmar yay günlərində Birləşmiş Ştatların ictimai-siyasi həyatında ciddi proseslər baş verir. Axı amerikalılar bu il noyabrın 5-də ölkənin yeni dövlət başçısını seçməlidirlər. Budəfəki seçki kampaniyası isə bir çox sürprizlərlə başlayıb.
Ağ evin hazırkı sahibi Co Bayden prezidentlik uğrunda mübarizədən kənara çəkilib. Bu hadisə prezidentlik uğrunda yarışda rəqiblər arasında “intriqa”nı daha da gücləndirib. Yaranmış “fors-major” vəziyyəti ölkə vətəndaşlarını dilemma qarşısında qoyur. Onlar respublikaçı Donald Trampla bu dəfə artıq demokratların yeni namizədi Kamala Harris arasında seçim etməli olacaqlar.
Beləliklə, ortada iki rəqib var. Kim qələbə qazanacaq? Milyarder, yoxsa keçmiş prokuror? K.Harris elə indidən rəqibi ilə potensial məhkum kimi davranmağa hazır olduğunu bildirir. D.Tramp isə onun üçün əlçatmaz zirvələr olmadığını iddia edir. Seçki gününə isə cəmi 100 gün vaxt qalır.
C.Baydenin seçkilərdən geri çəkilməsi və özünün vitse-prezidentini dəstəkləməsi xəbəri bir neçə gündür ki, qlobal medianın gündəmini zəbt edib. Hətta Rusiya qoşunlarının Ukrayna cəbhəsində bir neçə istiqamətdə müəyyən ərazi irəliləyişlərinə nail olması, Qəzzada humanitar fəlakətin acımasızcasına davam etməsi, Böyük Britaniyanın Qırmızı dənizdə husi terrorçularını cəzalandırması və sair bu kimi “qaynar” xəbərlər belə arxa plana keçib.
Görünən budur ki, K.Harris kifayət qədər ciddi rəqibdir. O, Demokratlar partiyasının vahid namizədi olmaq üçün artıq kifayət qədər dəstək əldə edib. “Associated Press” agentliyinin dünən yayımladığı məlumata görə, Harris artıq 2200-dən çox nümayəndənin dəstəyini qazanıb və namizədliyi təmin etmək üçün qurultayda zəruri olan 1976 səs çoxluğunu asanlıqla ötüb.
Yeri gəlmişkən, vitse-prezident potensial prezidentliyə namizəd kimi çərşənbə axşamı ilk kampaniya tədbirini keçirib. Maraqlıdır ki, seçki kampaniyası tədbiri prezidentlik yarışı kontekstində mühüm ştatlardan sayılan Viskonsin ştatında təşkil olunub. Ölkə əhalisi demokrat namizədin çıxış və bəyanatlarını diqqətlə izləyir.
K.Harris Viskonsində auditoriya qarşısında açıqlamasında deyib: “Bu seçkidə biz gələcəyə 2 fərqli baxış arasında seçim etməliyik. Tramp ölkəmizi bir çoxlarımızın tam azadlığa və bərabər hüquqlara malik olmadığı dövrə qaytarmaq istəyir. Mən demokratiyamızı gücləndirən, reproduktiv azadlığı qoruyan və hər bir insanın nəinki dolanışığını təmin etmək, həm də rifah əldə etmək imkanını təmin edən gələcəyə inanıram”. O, həmçinin deyib ki, qarşıdakı 3 ay ərzində ölkəni gəzəcək və “doğma amerikalılarla hazırda gündəmdə olan bütün məsələlər ilə bağlı məsləhətləşmələr aparacaq”.
K.Harris özünə kimi vitse-prezident seçə bilər? Bu sual da indi çoxlarını düşündürür. Məlumatlı mənbələrə görə, namizədlər arasında Kentakki ştatının qubernatoru Endi Beşir, nəqliyyat naziri Pit Buttiçiç, Arizona senatoru Mark Kelli və başqalarının adları var. Tale quşu kimin başına qonacaq, hələlik məlum deyil.
Bu arada o da məlum olub ki, K.Harris bu günlərdə keçirilən çoxsaylı sorğuların nəticələrinə görə, rəqibini 2 faiz üstələyir. Üstəlik, son sorğuda ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin 56 faizi 59 yaşlı Harrisin “kəskin zehni və çətinliklərin öhdəsindən gəlmək bacarığı” olduğunu deyib. Vitse-prezident 2 gündən az müddətdə yenidən seçki kampaniyası üçün 100 milyon dollar toplayıb. Bu, ciddi məsələdir. Heç kəs üçün sirr deyil ki, seçkiləri udmaq üçün həm də pul xərcləməlisən. Bu, dünyanın hər yerində belədir, xüsusilə də özünü çağdaş demokratiyanın beşiyi sayan Amerikada!
ABŞ mətbuatı yazır ki, bu günlər Demokratlar partiyasının milli komitəsi və onun maliyyə yığma komitələri pulların toplanmasında iştirak edirlər. Bundan əlavə, Harrisin kampaniyasında könüllü olmaq üçün, təxminən, 58 min nəfər müraciət edib ki, bu da gündəlik orta göstəricidən dəfələrlə çoxdur.
Vitse-prezidentin ölkənin ən ali postuna sahiblənmək naminə atdığı ilkin uğurlu addımlar D.Trampı narahat etməyə başlayıb. O, dünən “Newsmax” telekanalında deyib ki, xanım Harris Amerikanın yeni prezidenti olacağı təqdirdə Birləşmiş Ştatları məhv edəcək: “Onun fikirlərinə baxın. Harris qalib gəlsə, yenə sərhədləri açıb ölkəni məhv edəcək”. Xatırladaq ki, D.Tramp demokrat siyasi rəqiblərindən fərqli olaraq, qeyri-leqal miqrantlara qarşı sərt mövqeyi ilə seçilir.
Beləliklə, ABŞ-də prezidentlik uğrunda yarış günbəgün güclənir. Prezidentliyə namizədlər əhalidən daha çox dəstək almaq üçün seçicilərlə yeni görüşlərə can atırlar. Lakin ölkənin Məxfi Xidməti Trampa sui-qəsd cəhdindən sonra hər 2 namizədə mitinqləri müstəsna olaraq qapalı yerlərdə keçirməyi tövsiyə edib. Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Okeanın o tayında hamı başa düşür ki, builki seçkilər super dövlətin, eləcə də bütün dünyanın taleyinə həlledici təsir göstərə bilər. Ona görə də ölkədə seçkilərin yüksək seçici fəallığı şəraitində keçəcəyi gözlənilir. Kimin qalib olacağını isə indidən demək çox çətindir.
Məsaim ABDULLAYEV
XQ