Qan damarlarını zədələnməkdən qoruyaq

post-img

Bədənin ən vacib sistemlərindən biri qan damarlarıdır. Onlar orqanizmin bütün nöqtələrinə qida maddələrinin, oksigenin çatdırılmasında, həmçinin tullantıların çıxarılmasında iştirak edirlər. Bu incə, xüsusi tənzimlənmiş sistemin pozulmasının qarşısını almaq üçün pəhrizə sağlam yağlarla zəngin qidalar əlavə etmək, eləcə də qeyri-sağlam qidaların (yüksək miqdarda duz, şəkər, doymuş yağlar və trans yağlar) qəbulunu azaltmaq vacibdir.

Rusiyalı tibb elmləri doktoru, kardioloq Lyudmila Salamatina jurnalistlərə müsahibəsində bildirib ki, bütün nasazlıqlar, o cümlədən damar xəstəlikləri kimi ateroskleroz da qidalanma ilə sıx bağlıdır.

Kardioloq  deyib: “Qan tədarükünə cavabdeh orqan olan damarların divarlarına təhlükəli yağların çökməsi nəticəsində bir çox xəstəliklər yaranır. Bir tədqiqatda elm adamları çərəzlərlə zənginləşdirilmiş Aralıq dənizi pəhrizinə riayət edənlərin 5 il ərzində ateroskleroz riskinin 28 faiz azaldığını aşkarlayıblar. Pəhrizə təbii zeytun yağı daxil edildikdən sonra, bu rəqəm 31 faizə yüksəlib”.

Onun sözlərinə görə, bu pəhrizin keyfiyyəti ürək-damar xəstəliklərinin inkişafı və vaxtından əvvəl ölüm riskinin 10 faiz azalması ilə əlaqələndirilir. Həmçinin, bitki əsaslı qidaların üstünlük təşkil etdiyi bir pəhrizə əməl etmək; qırmızı ət, süd məhsulları və doymuş yağları az istehlak etmək könüllülər arasında bütün səbəblərdən ölüm hallarını 8 faiz azaldıb.

Mütəxəssis xatırladıb ki, alimlər həftədə 1 və ya 2 dəfə balıq, gündə 30 qram duzsuz çərəz yeməyi, qırmızı ət istehlakını həftə ərzində 350–500 qrama endirməyi tövsiyə edirlər. Yağlı qidaların tərkibində Omeqa-3 turşularının olmaması damar divarlarının daralmasına, qanın laxtalanmasına gətirib çıxarır ki, bu zaman sağlamlıq və uzunömürlülüklə əlaqəli digər proseslər də pozulur. Kətan toxumu və yağı, qoz və balıq ən yaxşı Omeqa-3 mənbəyidir.

Z.HÜSEYNLİ 
XQ

 

Səhiyyə