TƏBİB “Ucqar ərazilərdə tibbi xidmət” layihəsini davam etdirir

post-img

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ucqar kənd ərazilərində yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ahıl və həssas qruplara daxil olan şəxslərin, eləcə də uşaqların tibbi müayinələrə cəlb olunması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi məqsədilə “Ucqar ərazilərdə tibbi xidmət” layihəsi davam etdirilir.

TƏBİB-in mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, TƏBİB və Yeni Klinikanın təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə növbəti dəfə Lerik Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihə çərçivəsində 200-dən çox vətəndaşa ixtisaslı həkim-mütəxəssislər tərəfindən oftalmoloji tibbi xidmətlər göstərilib.

Layihə çərçivəsində ərazidə yaşayan həssas əhali qrupları, o cümlədən müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdən keçiblər. Müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib.

Qeyd edək ki, “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin növbəti mərhələlərdə digər bölgələrdə də həyata keçirilməsi planlaşdırılır.







Səhiyyə