Bazar günü, noyabrın 30-da gecə saatlarında Ukrayna nümayəndə heyəti Mayamidə ABŞ rəsmiləri ilə görüşüb. Görüş RF Prezidenti Vladimir Putin də daxil olmaqla, ABŞ və Rusiya rəsmiləri arasında bu həftənin sonuna planlaşdırılan danışıqlar ərəfəsində baş tutub.
Məlumatı “Euronews” verib.
Danışıqlar dörd saata qədər davam edib. ABŞ və Ukrayna rəsmiləri əsasən ABŞ-ın Rusiya ilə hazırladığı sülh sazişini müzakirə edib, onun bəzi aspektlərinə yenidən baxmağa çalışıblar.
Xatırladaq ki, 28 bəndlik plan ilk dəfə təqdim olunanda Rusiyaya həddindən artıq güzəştə gedildiyinə görə tənqid olunub. İlkin olaraq sənəddə Ukraynanın silahlı qüvvələrinin sayına məhdudiyyətlər, ölkənin NATO-ya daxil olmasının qarşısının alınması və seçkilərin 100 gün ərzində keçirilməsi tələb olunurdu.
Görüşdə, yerli KİV-in məlumatına görə, diplomatlar seçkilərin vaxtını və ərazi mübadiləsinin mümkünlüyünü müzakirə ediblər. Lakin təfərrüatlar açıqlanmayıb.
ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında görüşün məhsuldar keçdiyini, lakin sülh razılaşmasının əldə edilməsi üçün hələ də mühüm iş görülməli olduğunu deyib.
P.ƏMİRCANOV
XQ

