“Göy üzünü fəth edən əbədi qəhrəman!”

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Aprel döyüşlərinin iştirakçısı, 2019-cu ildə təyyarə qəzasında həlak olmuş şəhid hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevin şəhadətə yüksəlməsinin 5-cı ildönümünə həsr olunmuş “Göy üzünü fəth edən əbədi qəhrəman!” adlı anım tədbiri keçirilib.

Anım tədbirində öncə  Xalqımızın Ümummilli lideri Heydər Əliyevin, şəhid pilot Rəşad Atakişiyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə yüksəlmiş əsgər və zabitlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. 

Anım tədbirində Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, şəhid Rəşad Atakişiyevin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Anım tədbirində muzey rəisi e. o. polkovnik Əzizağa Qəni-zadənin şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyatı və döyüş yolundan bəhs edən məruzəsi, ailə üzvləri - atası Atakişiyev Saləddin və pilot döyüş yoldaşları- polkovnik leytenant Vüsal Əliyev və polkovnik leytenant Mahir Babayevin xatirələri dinlənilib. 

Qeyd olunub ki, şəhid pilot Rəşad Atakişiyev Azərbaycan səmasının təhlükəsizliyini qoruyan və  qələbəmizdə payı olan qəhrəman şahinlərimizdən olub. Rəşad,öz işinin mahir ustası,yüksək peşəkarlığı ilə daim diqqət mərkəzində olan hünərli və cəsur təyyarəçi idi. O, qısa ömür yaşasa da həyatının 18 ilini hərb peşəsinə həsr edərək gecə-gündüz bilmədən səmanın ənginliklərini fəth edən qəhrəman vətən oğlu idi. 

Anım tədbirində Rəşad Atakişiyevə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

Anım tədbirinin bədii hissəsində xalq artisti Fidan Hacıyevanın ifasında şəhid Rəşad Atakişiyevə həsr olunan mahnılar səsləndirilib.  

Anım tədbiri xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.







Sosial həyat