“Söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır”, amma...
Avropa İttifaqının Genişlənmə məsələləri üzrə komissarı Marta Kos özünün “X” sosial şəbəkəsindəki mikrobloqunda sevincək paylaşım edib. O, erməni əriyinin ilk simvolik partiyasının Aİ məkanına daxil olduğu xəbərini yayıb. Xəbər də nə xəbər, şəkilli filanlı. Şəkildə isə Ermənistanın ərazi idarəermə və infrastruktur naziri David Xudatyan ərik dolu kiçik bağlamanı M.Kosa təqdim edir.
Qeyd edək ki, D.Xudatyan və M.Kos Aİ-nin “Bağlantı gündəliyi” platforması çərçivəsində görüşüblər. İkincinin yazdığına görə, bu platforma çərçivəsində Ermənistanın qonşuları və Avropa ilə daha sıx əlaqələndirilməsi istiqamətində aparılan işi təşviq ediləcək. Görəsən, təşviqinə ehtiyac duyulan nədir? Bu barədə sonda söz açacağıq.
Məşhur Azərbaycan filmi “Uşaqlığın son gecəsi”ndə deyildiyi kimi, “söhbət sosiskada deyil e, “vnimatelni” olmaqdadır”. İndi M.Kos D.Xudatyanın Avropaya gətirdiyi bir bağlama əriyi əlində tutaraq, təmsil etdiyi qurumun Ermənistana diqqətlə yanaşdığını göstərmək istəyir. Halbuki hazırda erməni əriyinin çox böyük hissəsi Rusiya bazarlarına doğru yön almaqdadır. Hələ bu məhsulun sərhəddən vaxtında keçə bilməyib yolda xarab olduğunu da bildirməliyik... Bəli, M.Kos paylaşımı ilə Rusiyada qıcıq yaradır. O, Aİ bazarlarının Ermənistanın üzünə açıq olduğunu göstərir. Rusiyada isə Ermənistana qarşı aqressiv münasibət hökm sürməkdədir. Xüsusən, 7 iyun parlament seçkilərindən sonra şantaj elementləri müşahidə edilməkdədir. Mövcud xüsusda erməni əriyinin timsalında Ermənistanın kənd təsərrüfatı məhsullarının ölkəyə buraxılmaması kimi çağırışlara da rast gəlinməkdədir.
Doğrudur, Baş nazir Nikol Paşinyan hədələrə boyun əymədiyini göstərib və ölkəsi üçün iqtisadi alternativlərdən danışıb. Həqiqətən, erməni əriyi, ümumən, Ermənistanın kənd təsərrüfatı məhsulları Avropanın bir, yaxud iki ölkəsinin marketlərinə çatsa, bəs edər və hesab edirik ki, indiki durumda bu mexanizmi qurmaq mümkündür. Amma məsələ yalnız ərikdə deyil. Üstəlik, mümkün olan iş də reallaşmayıb, daha doğrusu, sistemli xarakter almayıb.
...Başlıca məsələ Ermənistan iqtisadiyyatının real nəfəs borusunun hələ də şimala açıq qalmasındadır və bu, istər-istəməz Rusiyanın ölkəyə təsir alətidir. Brüsseldə nümayiş etdirilmiş kiçik ərik bağlaması isə iqtisadi hadisədən daha çox, siyasi olay təsiri bağışlayırsa və Aİ-də Ermənistan üçün alternativ istiqamətlərin mövcudluğu vurğulanırsa, qurum rəsmiləri daha fəal işləməlidirlər. Hələlik, bu baxımdan M.Kosun barəsində söz açdığı “Bağlantı gündəliyi” platforması var. Əlavə edək ki, platformanın məqsədi Ermənistanın yeni nəqliyyat, logistika, habelə iqtisadi inteqrasiya imkanlarının yaradılmasıdır və məsələyə qayıdacağıq.
Əlbəttə, söhbət təkcə erməni əriyinin Avropaya daşınmasından yox, Ermənistanın geosiyasi trayektoriyasının dəyişdirilməsindən gedir. Buna görə də “köhnə qitə”yə gətirilən ilk simvolik ərik partiyası, əslində, kənd təsərrüfatı xəbəri deyil, geosiyasi kommunikasiya aktıdır. Bir tərəfdən Brüssel Ermənistanı yeni tərəfdaşlıq perspektivləri ilə ruhlandırır, digər yandan isə Moskvaya regionda yeni rəqabət mərhələsinin başladığı mesajını verir.
Onu da deyək ki, Aİ-nin timsalında Qərbin Ermənistanı bu sayaq ruhlandırmalarını az görməmişik. O cümlədən, kağız üzərindəki dəstək ritorikasını da. Ermənistanın Avropa məkanına iqtisadi inteqrasiyası baxımından isə real iş “Bağlantı gündəliyi” platforması ola bilməz. Sözümüz ondadır ki, hazırkı şəraitdə Rusiyaya, belə demək mümkünsə, ərik mesajının verilməsi arxı keçməzdən əvvəl “hop” deməyə bənzəyir.
Avropa Ermənistanı həqiqətən istəyirsə, bunun nəticələrini düşünməlidir. Düşünməlidir ki, inqilabi yola bənzər metoda üstünlük verilməsi indiki durumda Ermənistana yalnız zərər verə bilər. Nəzərə alaq ki, əriklə dolu 3-4 “TIR”ın sərhəddən vaxtında keçə bilməməsi erməni kəndlisi üçün dolanışıq mənbəyinin itirilməsidir. Görəsən, Avropa bunun təzminatını ödəyərmi? İnanmırıq.
Sonda bilavasitə “Bağlantı gündəliyi” platformasının üzərində dayanaq. Onun məqsəd və məramını vurğuladıq. Diqqətçəkən məqam təşəbbüsün Ermənistanın qonşuları ilə əlaqələrinin gücləndirilməsi məntiqindədir. Görəsən, bunun üçün Aİ-nin dəstəyinə nə ehtiyac var? Bu gün Azərbaycan dövlətinin xoş niyyətinin göstəricisi olaraq, ölkəmizin məhsullarının Ermənistana ixracı həyata keçirilir, həmçinin digər məmləkətlərdən Ermənistana Azərbaycan üzərindən mallar daşınır. Real iş budur. Daha real tədbirlərin gerçəkləşdirilməsinin isə konkret mexanizmi var.
Söhbət Azərbaycan və Ermənistan liderlərinin ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu” və ya qısaca TRIPP müddəasından gedir. Avropada nəzərə alınmalıdır ki, Ermənistan üçün əsas olan məhz bu müddəanın Naxçıvana maneəsiz yol seqmentidir. Yolun tez bir zamanda fəaliyyətə başlaması təmin edilməlidir. İndiki durumda “Bağlantı gündəliyi” və ona bənzər digər təşəbbüslər isə mahiyyətcə susuz quyuya su tökməyə bənzəyir. Deməli, obrazlı desək, M.Kos və digər Aİ rəsmiləri erməni əriyini elə yeməlidirlər ki, boğazlarında qalmasın.
Ə.RÜSTƏMOV
XQ

