Ciorcia Meloni: Qəzza zolağında humanitar vəziyyətlə bağlı narahatıq

post-img

İtaliya ABŞ-ın vasitəçiliyini dəstəkləməyə və “Qəzza üçün ərzaq” təşəbbüsü ilə Fələstinin mülki əhalisinə yardım göstərməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Romada İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşdə deyib.

Ciorcia Meloni İtaliya hökumətinin İsrailə yaxınlığını ifadə edib və HƏMAS terrorizmini qətiyyətlə pislədiyini vurğulayıb.

Baş nazir, həmçinin İtaliyanın regional səviyyədə gərginliyin azaldılması ilə bağlı öhdəliyini yeniləyib. İtaliya hərbi kontingentinin BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirakının əhəmiyyəti qeyd edilib.

Ciorcia Meloni Qəzza zolağında humanitar vəziyyətlə bağlı narahatlığı bir daha təkrarlayıb. O atəşkəsin əldə edilməsinin və girovların ən qısa zamanda azad olunmasının, məsələnin həll istiqamətində iki dövlətin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsxak Hersoq Romaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella ilə də görüşüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma



Dünya