Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

post-img

Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiya liderlərinin siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Nazir Sahil Babayev iki ölkə arasında sosial, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə sıx münasibətlərin olduğunu diqqətə çatdırıb. O, bu gün imzalanacaq protokolun növbəti tədbirlərin həyata keçirilməsinə rəvac olacağını qeyd edib.

Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç iki ölkə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi siyasi müstəvidə də inkişaf etdiyini diqqətə çatdırıb. “Biz beynəlxalq siyasi arenada eyni dəyərləri bölüşürük. Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdışını təbrik edirəm”.

İqtisadi və ticari göstəricilərin çox yüksək səviyyədə inkişaf etdiyini deyən həmsədr Azərbaycan qazının Şərqi və Qərbi Avropaya nəqlində Serbiyanın bir vasitəçi rolunu oynamaq istədiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Serbiya arasında vizasız rejim mövcuddur, lakin birbaşa uçuşlar həyata keçirilmir: “Biz bu məsələnin bu ilin sonuna qədər həll yolunu tapmalıyıq. Bu, həmçinin biznes əlaqələrinin inkişafına töhfə verə bilər”.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında fəal əməkdaşlıq olduğunu, xüsusilə ərazi bütövlüyü məsələsində Azərbaycan və Serbiyanın bir-birini dəstəklədiyini bildirib. Serbiya və Azərbaycanın iqtisadi-ticari münasibətlərə böyük önəm verdiyini vurğulayan nazir müavini turizm, təhsil və digər sahələrdə də əlaqələri inkişafının önəmini qeyd edib. O, viza rejiminin aradan qaldırılmasının önəmli məsələlərdən biri olduğunu deyib.

Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ikitərəfli diplomatik münasibətlərin ənənəvi dostluq və qarşılıqlı dəstəyə əsaslandığını söyləyib. İqtisadi, hərbi və siyasi sahələrdə birgə təşəbbüslər həyata keçirildiyini bildirib.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi sahədə ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə artdığını və bu əlaqələrin 5 dəfə böyüdüyünü qeyd edib. O, bir sıra Serbiya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərdiyini vurğulayıb və Azərbaycanın yaşıl enerji və 4-cü Sənaye İnqilabının mərkəzinə çevrilməsini əsas məqsəd olaraq göstərib. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə tikinti və quruculuq işlərində Serbiya şirkətlərinin iştirakını arzuladığını söyləyib və Serbiyanı COP29-a dəvət edib.

Serbiya İqtisadiyyat Nazirliyinin dövlət katibi, xanım Andrea Horvat Kralj bildirib ki, Azərbaycan investorları üçün Serbiyadakı investisiya imkanları haqqında mesaj vermək əməkdaşlığın inkişafına böyük töhfə verə bilər. Serbiyada investisiya mühiti, gələcək layihələr və potensial sahələr haqqında daha ətraflı məlumat vermək investorların marağını artırmaq üçün faydalı ola bilər. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar atılmalıdır.

Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur.







Sosial həyat