Naxçıvan Muxtar Respublikası – 100
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvan diyarına hərbi və maliyyə köməkliyi göstərir, onun Azərbaycanın ərazisi kimi qorunub saxlanılması üçün siyasi və diplomatik dəstək verirdilər.
(Əvvəli https://xalqqazeti.az/az/siyaset/164787-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz
https://xalqqazeti.az/az/siyaset/164900-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz)
Naxçıvanın sovetləşməsi
1920-ci ilin əvvəlində Naxçıvan ərazisində hərbi-siyasi vəziyyət yenidən gərginləşməyə başladı. Erməni daşnakları tərəfindən bütün sərhəd boyu Naxçıvan diyarının Vedibasardan Ordubada qədərki ərazilərə hücum üçün hazırlıqlar görülür, nizami silahlı qüvvələr cəmləşdirilirdi. 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün daşnak Ermənistanı yeni cəhd göstərirdi. Naxçıvan rəhbərləri arasında birliyin olmaması vəziyyəti çətinləşdirirdi. Cavid bəyin xahişi, Kazım Qarabəkir paşanın qərarı ilə Naxçıvana Əli Teymur bəyin komandanlığı altında 50 nəfərdən ibarət yeni türk qoşun hissəsi gəldi. Kəlbəli xanın, Ədib bəyin, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə yerli hərbi dəstələr erməni quldur dəstələrinə layiqli cavab verdilər və İrəvanın 8 km-liyinə çatdılar.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildi və bolşeviklər hakimiyyətə gəlməklə Şimali Azərbaycan sovetləşdirildi. Aprel çevrilişindən sonra Ermənistan hökuməti bildirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və Naxçıvan diyarından imtina edərsə, o da Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bu təklifi rədd edərək, Culfa və Naxçıvanın sovet qoşunları tərəfindən dərhal tutulmasını və Azərbaycana birləşdirilməsini təkidlə tələb edirdi.
Erməni basqınlarından cana doymuş yerli əhali 1920-ci ilin iyulunda məktubla N.Nərimanova və Q.Orconikidzeyə müraciət etdi. Məktubda deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur, Qırmızı ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.
1920-ci ilin iyulun 28-də XI Ordu hissələri Naxçıvan şəhərinə daxil olur. Elə həmin gün bölgədə Sovet hakimiyyəti elan olunur və M.Bəktaşi, A.Qədimov, F.Mahmudbəyov və b. ibarət Naxçıvan İnqilab Komitəsi yaradılır.
1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bəktaşi Azərbaycan SSR XKS-in sədri N.Nərimanova məktubla müraciət edir. Məktubda deyilirdi: “Naxçıvan əhalisinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan SSR-in ayrılmaz hissəsi hesab edir...”
Sovet Rusiyasının ikili siyasəti
Bu dövrdə Sovet Rusiyası yenə ikili siyasət yeridirdi. Bir tərəfdən erməni daşnak qüvvələri ilə müharibə aparır, digər tərəfdən isə onlarla danışıq aparırdı. Bu danışıqlarda Azərbaycanın iştirakı olmadan onun mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi də müzakirə olunurdu. Bunu bilən N.Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”.
Sovet Rusiyası Ermənistanı öz tərəfinə çəkmək, öz nüfuz dairəsinə almaq üçün Azərbaycanın əzəli torpaqları olan Naxçıvan və Zəngəzuru Ermənistana verməyi planlaşdırırdı. Bu yolla həm də Ermənistanı sovetləşdirmək istəyirdi. Sovet Rusiyasının Azərbaycanın bu bölgəsinə dair planlarını İ.Stalinin 1920-ci ilin noyabrın 9-da Bakıdakı çıxışında dediyi bu sözlər də təsdiqləyir: “Əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada sovet hökuməti yaranarsa vermək olar”.
İ.Stalinin bu fikri özünü çox gözlətmədi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra Azərbaycan torpaqlarının Ermənistana verilməsi istiqamətində konkret addımlar atılmağa başlandı.
Ermənistanın bolşeviklərin nəzarəti altına keçməsi ilə əlaqədar Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. HİK-in sədri N.Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: “... Bundan sonra heç bir ərazi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir”. Bu qərarı AK (b) P Mərkəzi Komitəsi qəbul etmişdi, N.Nərimanov bunu sadəcə bəyan etmişdi.
Gümrü müqaviləsi və Naxçıvan
“Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Naxçıvana, Qarabağa və Zəngəzura sadəcə olaraq iddia etməklə kifayətlənməyən ermənilər, bu torpaqlar uğrunda mübarizədə nəinki hərbi, həm də siyasi vasitələrdən maksimum istifadə etməyə çalışırdı. Sevr müqaviləsindən (1920, 10 avqust) sonra Antanta dövlətlərinə arxalanan daşnak Ermənistanı İngiltərə, Fransa və İtalya kimi yeni ərazilər ələ keçirmək məqsədi ilə 24 sentyabr 1920-ci ildə Türkiyə ilə müharibəyə başlayır. Dinc əhaliyə divan tutmağa üstünlük verən daşnaklar Qarsda, İrəvanda, Şərur-Dərələyəz və b. bölgələrdə yaşayan türk-müsəlman əhalini öldürməyə başlayırlar. Türk ordusunun əks-hücumu daşnak ordusunun darmadağın olması ilə nəticələnir. Türkiyə ilə müharibə daşnakların planlaşdırdığı kimi uzun sürməsə də, nəticəsi onlar üçün gözlənilməz oldu. Həmin ilin noyabrın 18-də daşnaklar məğlub oldular. 1920-ci il dekabrın 2-də Gümrüdə Türkiyə ilə Ermənistanın daşnak hökuməti arasında müqavilə imzalandaı. Daşnaklar xəyallarında qurduqları “böyük Ermənistan”ın ərazisinin İrəvan və Göyçə gölü rayonu ilə məhdudlaşdığını təsbit etmiş müqaviləyə imza atırlar. Müqavilənin ikinci və on ikinci maddələri bilavasitə Naxçıvanla bağlı idi. Gümrü müqaviləsinin ikinci maddəsində Naxçıvan, Şahtaxtı və Şərur bölgəsində bu yerlərin idarə formasını müəyyən edəcək referendumun keçirilməsinə qədər, Türkiyənin himayəsi altında yerli özünüidarəetmənini yaradıldığı və Ermənistanın bu bölgənin daxili işlərinə qarışa bilməyəcəyi təsbit edilmişdir. İkinci maddədə Naxçıvanın ərazisi də müəyyənləşdirilmişdi. Antanta dövlətlərinin əlaltısı olan daşnak Ermənistan üzərində qələbəsindən sonra, Türkiyə ilk dəfə Naxçıvanın özünü idarəetmə hüququna nail olmasına kömək etdi.
On ikinci maddəyə görə isə Türkiyə Şərur-Şahtaxtı-Naxçıvan-Culfa yolu və İran-Maku-Ermənistan tranzit yolunun təhlükəsizliyinə təminat verirdi.
Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması, Sovet Rusiyasını Ermənistanı sovetləşdirməyə məcbur edir. Nəticədə Sovet Rusiyası ilə Sovet Ermənistanı dekabrın 2-də Gümrü müqaviləsini imzalayırlar. Səkkiz maddədən ibarət Gümrü sazişinin üçüncü maddəsində göstərilirdi ki, Rusiya Sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini – İrəvan quberniyasının Qars vilayəti hissəsinin, Zəngəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin “Sovet Erməni Respublikasının” tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir.
Q.Orconokidze dekabrın 2-də Azərbaycan torpaqlarının Ermənistana verilməsi barədə Rusiya rəhbərliyinə məlumat verir.
Naxçıvan əhalisinin etirazları
Azərbaycanın müəyyən torpaqlarının Ermənistana verilməsi xəbərindən məlumat alan Naxçıvan əhalisi kəskin etirazlarını bildirir və buna yol verməyəcəklərini bəyan edirlər. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan rəhbərliyi Hərbi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini dekabrın 15-də Naxçıvana göndərdi. B.Şahtaxtinski Naxçıvan şəhərində, Şərur və Ordubadda əhali ilə keçirdiyi görüşlərdə 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə əlaqədar əsil həqiqəti əhaliyə çatdırdı və çıxış yollarını göstərdi.
B.Şahtaxtinskinin əhali ilə görüşləri və söhbətləri öz nəticəsini verdi. Diyarın əhalisi Azərbaycanın himayəsi altında olmaqla Naxçıvanda müstəqil Sovet Respublikası yaradılmasını tələb edirlər. Naxçıvan əhalisinin qətiyyətli mövqeyi mərkəzin öz mövqeyini müəyyən qədər də olsa dəyişməsinə səbəb oldu. Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozdu. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanımış və bu ərazi ilə əlaqədar iddialarından imtina etmişdir. Əslində Ermənistanın Naxçıvanı Azərbaycanın bir hissəsi kimi deyil. Müstəqil respublika kimi tanıması onun məkrli planlarının tərkib hissəsi idi. Naxçıvanı müstəqil qurum kimi tanımaqla Ermənistan gələcəkdə onu ilhaq etmək niyyəti güdürdü.
Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının qərb hissəsinin Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri edirdi. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi.
Naxçıvan diyarının əhalisi Azərbaycan SSR-in tərkibində muxtariyyət tələb edirdi. 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtar respublika hüququnda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi. Bu rəy sorğusunun nəticəsi Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında mühüm rol oynadı.
Moskva müqaviləsi və Naxçıvan
Belə bir fakt da qeyd edilməlidir ki, Türkiyə tərəfinin Naxçıvan məsələsinə münasibətdə tutduğu mövqe bu işdə mühüm əhəmiyyət kəsb etmişdir. Türkiyə ilə Sovet Rusiyası arasında gedən danışıqlarda Naxçıvanın taleyi məsələsi daim Türkiyə nümayəndə heyətinin diqqət mərkəzində olmuşdur.
Naxçıvan məsələsində N.Nərimanovun sonradan prinsipial mövqe tutması, onun adından B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar, V.Leninə müraciətləri Moskvanın Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə, nəticə etibarı ilə Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilməsinə təsir etdi. Ümumiyyətlə, B.Şahtaxtinskinin Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük xidməti olmuşdur. O, fəaliyyəti dövründə Azərbaycanın müxtəlif problemləri ilə bağlı V.Leninə teleqramlar göndərmiş, təhliledici məktublar yazmış, bu məktublara arayışlar da əlavə etmişdir. Onun V.Leninə göndərdiyi məktub və arayışlar içərisində 1921-ci il martın 1-də göndərdiyi məktub və arayışın xüsusi əhəmiyyəti olmuşdur. Martın 7-də V.Leninin dərkənarı ilə Siyasi Büroya göndərilən həmin məktuba martın 16-da Stalinin, Çiçerinin və b. iştirakı ilə baxılmışdır.
Türkiyədən Moskvaya gələn heyət 1921-ci il fevralın 26-da danışıqlara başladı. Türk heyətinə Yusif Kamal bəy başçılıq edirdi. Rus-türk konfransı fevralın 26-dan martın 18-nə qədər davam etdi və həmin gün “Dostluq və qardaşlıq haqqında” sovet-türk müqaviləsi imzalandaı. Hər iki tərəfin razılığı ilə müqavilənin imzalandığı tarix 16 mart yazıldı. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir. Moskva müqaviləsində ərazi-sərhəd məsələsi, Batum şəhəri və limanı, Cənubi Qafqaz respublikalarının suverenliyi, Milli Aktın tanınması, zorla qəbul etdirilmiş müqavilələr, hərbi əsirlərin qaytarılması və başqa məsələlər müzakirə edilmişdir.
Konfransda müzakirə edilən ən mühüm məsələlərdən biri də Naxçıvan məsələsi idi. Türkiyə tərəfi Naxçıvan məsələsinə böyük əhəmiyyət verirdi. Ermənilər Naxçıvanı işğal etmək istəyəndə Türkiyə Batum müqaviləsinə (1918, 4 iyun) görə onu öz hamayəsinə götürmüşdü. Türkiyə tərəfi Moskva danışıqlarında Naxçıvanın Azərbaycanın himayəsində olmasını istəyirdilər. Moskva müqaviləsinin 3-cü maddəsində göstərilirdi ki, “Razılığa gələn hər iki tərəf bu müqavilənin I (c) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
Moskva müqaviləsi ilə Naxçıvanın ərazisi 6038 kv. km müəyyən edilmiş və “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində bölgənin sərhədləri arasındakı kimi müəyyən edilirdi: “Ararat stansiyası – Saray Bulaq dağı – Kömürlü dağ – Sayat dağı (7868) – Qurdqulaq kəndi – Həməsür dağı (8060) – 8022 yüksəkliyi – Kükü dağı (8282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”.
N.Nərimanov 1921-ci ilin may ayında keçirilən I Ümumazərbaycan qurultayındakı nitqində deyirdi: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olunur. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.
Qazanılmış uğurda Azərbaycan diplomatiyasının da böyük rolu var idi. Məhz, Naxçıvan məsələsinin həllindəki roluna görə, Nəriman Nərimanov Moskva danışıqlarına ezam edilmiş Azərbaycan nümayəndəsi B.Şahtaxtinskiyə yazırdı: “Naxçıvana görə çox sağ ol! Görürsən, sən artıq işin içinə girmisən və işi düzgün aparırsan. Bu məni sevindirir”.
(ardı var)
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik