Səlim Babullaoğlu: “Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır”

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses – 2024” mövzusuna həsr olunmuş elmi-yaradıcılıq müşavirəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxış edib.

Səlim Babullaoğlu iştirakçıları AYB-nin sədri, Xalq yazıçısı Anarın adından salamlayıb, müşavirənin işinə uğurlar arzulayıb. O, çıxışında AYB ilə AMEA, o cümlədən Ədəbiyyat İnstitutu və digər elmi qurumlar arasında son illərdə formalaşan səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Bu əməkdaşlığın konkret nümunəsi kimi “Ədəbi proses” ədəbi toplularını, eləcə də “Ədəbiyyat qəzeti” və digər mətbu orqanlarda gedən materialları göstərib.

AYB katibi bildirib ki, mədəni və elmi mühitdə keçirilən tədbirlər təkcə öz məzmunu ilə deyil, eyni zamanda davamlılığı və ardıcıllığı ilə də böyük əhəmiyyət kəsb edir. Artıq 15 ilə yaxındır ki, təşkil olunan “Ədəbi proses” müşavirələrinin bu ardıcıllığı intizamlı şəkildə davam etdirməsi tədbirin həm elmi, həm də mədəni yükünü artırır. O, bu kontekstdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Ədəbiyyat İnstitutunun kollektivi tərəfindən göstərilən əzmkarlığı xüsusi vurğulayıb.

Səlim Babullaoğlu ədəbiyyat mühitinin tanınmış nümayəndələrinin iştirak etdiyi bugünkü tədbirin önəminə toxunub. Qeyd edib ki, ədəbi tənqidçilər yalnız ədəbiyyatın yaranması prosesində deyil, həm də ilkin yaradılışla törəmə yaradılış arasında olan fərqlərin izahında mühüm rol oynayır. Bu çərçivədə obyektiv ədəbi tənqid yaradıcı prosesin ayrılmaz və tamamlayıcı tərkib hissəsinə çevrilir.

AYB katibi əlavə edib ki, obyektiv ədəbi tənqid və kənar elmi baxış olmadan hər hansı bədii əsərin bütövlüyü və müstəqil dəyəri tam şəkildə formalaşmaya bilər. Bu səbəbdən də tənqid yaradıcılıq prosesinin ayrılmaz və tamamlayıcı mərhələsi kimi çıxış edir.

Səlim Babullaoğlu çıxışının sonunda tədbirin bütün iştirakçılarına – ədəbiyyatşünaslara, elmi ictimaiyyət və yaradıcı mühitin nümayəndələrinə yeni yaradıcılıq nailiyyətləri diləyib.

Elm