Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) və Malayziya hökumətinin İnsan Resursları Nazirliyinin tabeliyində Sosial Təminat Qurumunun birgə təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib.
DMA-nın Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “İşaxtaranlara dəstək: İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəqəmsal platformalar üzrə ən yaxşı təcrübələri” mövzusunda təşkil olunan tədbirdə Azərbaycanı agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə Malayziyanın insan resursları naziri Encik Steven Sim Chee Keong təşkilatçılara təşəkkürünü bildirərək seminar və vörkşopların müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.
Tədbirdə H. Abbasov qurumun həyata keçirdiyi rəqəmsal layihələri təqdim edib, “Əmək və məşğulluq” altsistemi, “Məzunların məşğulluq reytinqi” platforması və yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni rəqəmsal həllər barədə ətraflı məlumat verib.
İki gün davam edən tədbirdə innovativ iş portalları, iş axtarışı texnologiyasında gələcək trendlər, işəgötürənlərin və dövlət qurumlarının məşğulluq sahəsindəki rolu kimi mövzularda təqdimatlar edilib, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, beynəlxalq tədbirdə İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin 20-yə yaxın üzv ölkəsindən nümayəndələr iştirak ediblər.