Abşeron rayonunda “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova bildirib ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Qeyd edilib ki, Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyə malik sənəddir. Sənəddə qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına əsasən, Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildə şəkildə və zorakılıqla sürgünə məruz qalıb.
Sonra Milli Məclisin deputatı Məmmədova Prezident İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşü xatırladıb. Bu görüşdə dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Çünki Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıblar. Onların hüquqları bərpa edilməli və onlar öz torpaqlarına qayıtmalıdırlar.
Sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyeva çıxış edərək bildirib ki, özü və həyat yoldaşı Qərbi Azərbaycandandırlar. Atasının və həyat yoldaşının deportasiyadan əziyyət çəkdiklərini vurğulayan T.Vəliyeva qeyd edib ki, onların həmişə ən böyük arzuları həm Qarabağı azad görmək, həm də Qərbi Azərbaycana qayıtmaq olub.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində xalqımız Şanlı Qələbə qazandı. Tarixi ədalət bərpa edildikdən sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpasıdır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynovaya Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib. Həmçinin Vətən müharibəsi şəhidi Xəqani Əsgərovun övladı Ahu Əsgərovanın doğum günü təbrik olunub.