(əvvəli https://xalqqazeti.az/az/siyaset/164787-qedim-turk-yurdu-azerbaycanin-ayrilmaz)
1918-ci ilin may–iyun aylarında ermənilər və A.Ozanyanın başçılığı ilə daşnak yaraqlıları Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirdilər. Silahlı quldur dəstələri diyarda azərbaycanlı əhaliyə divan tutur, yaşayış məntəqələrini dağıdır, etnik təmizləmə siyasəti aparır, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vəhşi vasitələrə əl atırdılar. Onlar Naxçıvanın ən yaxın vaxtlarda daşnak hökumətinə birləşdiriləcəyi barədə yalan məlumatlar yayır, bu yerlərin yenicə elan edilmiş Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər.
Yerli idarəetmə sisteminin yaradılması
Erməni daşnakları Naxçıvan qəzasının bir sıra kəndlərini və Culfanı işğal edən zaman – 1918-ci il mayın 17-də kapitan Xəlil bəyin başçılığı ilə türk hərbi heyəti Naxçıvana gəldi. O, bölgəyə gəldikdən sonra Naxçıvanı gözlənilən erməni təcavüzündən qorumaq üçün yerli gənclərdən könüllü hərbi dəstələr təşkil etməyə başladı.
Batum müqaviləsini əsas götürən Osmanlı dövləti qəti tədbirlər görməyə məcbur oldu, IX Orduya Naxçıvana kömək etməyi tapşırdı. IX Ordunun tərkibində olan XI Qafqaz diviziyası 1918-ci il iyulun əvvəlində erməni dəstələrini məğlub edərək Naxçıvan şəhərinə yaxınlaşdı. İyul ayının 20–21-də baş vermiş döyüşlərdən sonra şəhər erməni qüvvələrindən təmizləndi, Culfa isə azad edildi.
Naxçıvan bölgəsi türk qoşunlarının nəzarətinə keçdikdən sonra burada Osmanlı sisteminə uyğun inzibati idarəetmə sistemi yaradılmağa başlandı. Alay komandiri Sürəyya bəy qəza rəisi təyin edildi. Sürəyya bəyin əmri ilə Naxçıvan Milli Komitəsi ləğv edilərək yerində jandarm, ədliyyə və bələdiyyə idarələri yaradıldı. Jandarm komandalığına Məmməd Əli xan, onun müavinliyinə Qəni bəy Vəzirov, Bələdiyyə İdarəsinə rəis Cəfərqulu xan, üzvlər isə Hacı Abdulla Şeyxov və Tağı Nağdalıyev təyin edildilər. Ədliyyə məhkəməsinə isə Şeyx Kərim Axundzadə, Cabbar Kələntərov, Vəliağa Kəndlinski, Abbasqulu bəy Tahirov və İbrahim paşa Kəngərlinski təyin olundular.
Bir müddət sonra ordunun Təbrizə getməsi ilə əlaqədar Sürəyya bəyin yerinə mayor Əli Şəfiq bəy təyin olundu, o isə öz növbəsində bir sıra inzibati dəyişikliklər etdi. Türk komandanlığı Naxçıvanda hərbi vəziyyət elan etdi, yerli əhalidən özünümüdafiə dəstələri təşkil edərək onlara hərbi təlim keçməyə başladı.
Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövləti oktyabrın 30-da Mudros sazişini imzalamağa məcbur oldu. Müqaviləyə görə Osmanlı dövləti Azərbaycanı, eləcə də Naxçıvanı ingilislərin himayəsinə verməli idi. Siyasi vəziyyət həddindən artıq çətin və mürəkkəb idi.
Araz-Türk Cümhuriyyəti
Noyabrın ilk günlərindən osmanlı qüvvələri Naxçıvanı tərk etməyə başladılar. Ordu komandanı Yaqub Şövqü paşanın teleqramında göstərilirdi ki, tərxis olunan ehtiyat zabitlərindən Naxçıvan bölgəsində yaradılan təşkilatda işləmək istəyənlər orada qala bilərlər, ancaq osmanlı forması geyməsinlər. Alınan əmrə görə Xəlil bəy və yoldaşlarının bir qrupu Naxçıvanda qalırdı. Türk ordusu Naxçıvandan çıxandan sonra bölgədə 5 zabit və 300 əsgər qaldı.
1918-ci il noyabrın 18-də Naxçıvan diyarını və ətraf əraziləri erməni daşnaklarının işğalından qorumaq üçün Araz-Türk Cümhuriyyəti yaradıldı. Araz-Türk Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşlar. Araz-Türk Cümhuriyyətinin hakimiyyət strukturu formalaşdırılmış və Əmir bəy Nərimanbəyov hökumətin sədri seçilmişdir. Hökumətin tərkibi hərbi, maliyyə, inzibati, ədliyyə, xarici işlər, şeyxülislam və aşirətlər rəisindən ibarət idi. Xəlil bəy Türkiyə dövlətinin Araz-Türk Cümhuriyyətində hərbi müşaviri idi.
Araz-Türk Cümhuriyyətində dövlət, parlament və digər idarəçilik orqanları, 20 tabordan ibarət könüllü xalq dəstələri yaradıldı. Araz-Türk Cümhuriyyətinin sahəsi 8 min 696 kvadratkilometr, əhalisi 1 milyon nəfərə çatırdı. Naxçıvan, Şərur–Dərələyəz, Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. ərazilər cümhuriyyətin tərkibində idi. General Vesəl Ünüvar yazmışdır ki, Araz-Türk hökuməti Ordubaddan Sürməliyədək olan torpaqlar bu respublikanın ərazisinə daxildir. Cümhuriyyətin yaradılması məsələsi Qəmərlidə müzakirə edilmiş və sonra Naxçıvan şəhərində yaradılmış və paytaxtı da Naxçıvan şəhəri idi.
Respublika ərazisində milis idarələri, onların sahə şöbələri, taborlar (batalyonlar), süvari alayı yaradıldı. Araz-Türk Cümhuriyyətinin yaratdığı özünümüdafiə qüvvələri, süvari alayı yerli əhali ilə birlikdə diyarın və əhalinin təhlükəsizliyini, ərazinin qorunmasını, onun erməni işğalına düşməsi üçün əzmlə mübarizə aparırdı.
Araz-Türk Cümhuriyyəti 1918-ci ilin 18 noyabrından 1919-cu ilin 10 martınadək davam edən fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti, Osmanlı dövləti, Cənubi-Qərbi Qafqaz Respublikası ilə əlaqələr yaratdı Naxçıvan diyarını qoruyub saxladı.
Naxçıvana İngiltərə vəABŞ müdaxiləsi
İngilis qüvvələri 1918-ci ilin noyabrında Bakıya, 1919-cu ilin yanvarında Naxçıvana gəldilər. Mudros müqaviləsinin şərtlərinə görə Cənubi Qafqaz ingilislərin təsir zonasına daxil edilmişdi. Mayor V.Hibbon Naxçıvana gəldi, bölgədəki vəziyyəti öyrənmək istəyirdi. Əslində ingilislərin Naxçıvana gəlməsində bir məqsəd də Araz-Türk Cümhuriyyətinin iqtisadi və siyasi vəziyyəti, silahlı gücü ilə tanışlıq, onun Osmanlı Türkiyəsinin hakim dairələri ilə münasibətlərinin səviyyəsini və xarakterini aydınlaşdırmaqdan ibarət idi.
İngilislər burada general-qubernatorluq yaratdılar və diyarı Ermənistanın hakimiyyətinə vermək istəyirdilər. Onlar Naxçıvanı işğal etmək istəyirdilər. Araz-Türk Cümhuriyyətinə Türkiyə tərəfindən yaradılmış qurum kimi baxaraq, onu tanımaq istəmədilər.
Milli Şuranın sədri Cəfərqulu xan 1919-cu il fevralın 26-da general-qubernator F.Lautenə məktub göndərərək bölgənin müsəlmanların iradəsinin əksinə olaraq, Ararat (Ermənistan) Respublikasına verilməsinə etiraz etdi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, digər tərəfdən daşnak Ermənistanının hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər. General Tomson erməni rəhbərlərinə təklif edirdi ki, Qarabağın və Zəngəzurun Azərbaycana verilməsini qəbul edərlərsə, Qars və Naxçıvanın onların nəzarəti altına keçməsinə kömək edəcəkdir.
1919-cu il iyulun əvvəllərində ingilis qoşunları Naxçıvanı tərk etməyə başlayanda Naxçıvan əhalisi erməni işğalçılarına qarşı mübarizəyə başladı. Ermənilərə qarşı vuruşan könüllülərin sayı 10 min nəfərə çatırdı. İrəvandakı səlahiyyətli nümayəndə M.Təkinski vasitəsi ilə Azərbaycan hökuməti naxçıvanlılara geniş siyasi, diplomatik və maliyyə yardımı göstərirdi.
Ermənilərin bölgədəki fəaliyyətinə son qoyulması ilə nəticələnən əsas hərbi hadisələr iyulun son günlərində baş verdi. Naxçıvan şəhəri ətrafında, Şahtaxtı, Yengicə və Noraşen stansiyalarında hərbi cəhətdən üstün olmalarına baxmayaraq erməni qüvvələri məğlub edildilər, çoxlu silah-sursat, zirehli qatar ələ keçirildi. Xanlıqlar kəndi döyüşsüz təslim oldu, 5 zabit, 95 əsgər əsir alındı, 600 tüfəng qənimət götürüldü. Düşmənin Vedidə möhkəmlənmək cəhdi baş tutmadı, ermənilər burada 4 min canlı qüvvə itirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışlarında Naxçıvanın öz gücü ilə erməniləri məğlub edərək ərazidən qovduqlarını və Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi.
İngilislərdən sonra ABŞ hərbi qüvvələri də Naxçıvana gəlib burada “bitərəf, neytral zona” yaratmaq istəyirdi. 1919-cu il avqustun 22-də Paris konfransının Ermənistana Ali komissar təyin etdiyi polkovnik V.Haskel Ermənistandakı çıxışında daşnakların bu ərazilərə qarşı irəli sürdükləri iddialarını müdafiə etmişdi. Bakıda AXC rəhbərləri ilə görüşündə isə bölgənin Azərbaycanın idarəçiliyində saxlanacağını bildirmişdi. V.Haskelin Naxçıvan və Şərur–Dərələyəz torpaqlarını əhatə edən “bitərəf zona” layihəsi AXC hökuməti tərəfindən qəbul edilmədi. Həmin layihəyə görə yerli hakimiyyət orqanları Amerika qubernatoruna tabe olmalı idi.
ABŞ heyətinin layihəsi əsasında Naxçıvanda general-qubernatorluğun yaradılması yerli azərbaycanlı əhalinin də kəskin etirazına səbəb oldu. Onların ABŞ nümayəndəsi ilə görüşündə Naxçıvan, Şərur, Dərələyəz, Vedibasar və Milistan əhalisinin əksəriyyətinin Azərbaycan türkləri olduğunu, bu ərazilərin iqtisadi, siyasi, mədəni və strateji cəhətdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və öz qanları ilə azadlıq qazandıqları nəzərə çatdırıldı. Bunları nəzərə almayan V.Haskel polkovnik Edmond Dellini ərazinin general-qubernatoru təyin etdi. Naxçıvan rəhbərləri və ictimaiyyətin nümayəndələri bunu qəbul etmədiklərini amerikalı nümayəndələrə çatdırdılar və əhalinin ancaq Azərbaycan hökumətini tanıdığını bildirdilər.
Beləliklə, Naxçıvan əhalisinin inadlı mübarizəsi və Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində amerikalıların bölgəni “bitərəf zona”ya çevirmək və orada Amerika general-qubernatorluğu yaratmaq yolu ilə Naxçıvanı Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.
AXC hökuməti ilə əlaqə
Hadisələrin ən mürəkkəb vaxtında da belə Naxçıvan əhalisi və rəhbərləri özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan general-qubernatoru yaratmış və Bəhram xan Naxçıvanskini general-qubernator təyin etmişdi.
Araz-Türk Cümhuriyyəti AXC ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. AXC qarşılaşdığı çətin vəziyyətə baxmayaraq Araz-Türk Cümhuriyyətini müdafiə etmək üçün müəyyən tədbirlər görürdü. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu diyar milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır.
Naxçıvan bölgəsindəki vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti dövlətini və hökumətini ciddi surətdə narahat edirdi. 1919-cu il yanvarın 8-i və 25-də Naxçıvandakı vəziyyət Azərbaycan parlamentində müzakirə edilmiş, yanvarın axırlarında isə İrəvan müsəlmanların həmyerlilər cəmiyyətinin nümayəndəsi Mirabbas Mirbağırovu kömək üçün Araz-Türk Cümhuriyyətinə göndərdi. M.Mirbağırovun heyəti 23 və 25 fevralda hökumət üzvləri və nümayəndələrlə görüşdü. Müzakirələr zamanı Naxçıvanın Azərbaycana birləşdirmək barədə akt tərtib edildi. Akt siyasi, hərbi, iqtisadi, maddi və mənəvi məsələlərə aid bəndlərdən ibarət idi. Aktı hökumət üzvləri, Milli Şura üzvləri və əhalinin nümayəndələri imzaladılar və hökumət möhürü ilə təsdiq edildi.
M.Mirbağırov Naxçıvan səfərindən maraqlı nəticələr əldə etmiş və bu nəticələri Azərbaycan Nazirlər Şurasına təqdim etmişdi. Təkilflər Azərbaycan hökuməti tərəfindən nəzərə alındı. Azərbaycan hökuməti Naxçıvan bölgəsinin problemləri ilə sistematik məşğul olmağa başladı. Martın 16-da Bəhram xan Naxçıvanskini general-qubernator vəzifəsində Ə.Haşımbəyov əvəz etdi.
Erməni işğalına son qoyulduqdan sonra bölgənin idarə edilməsində çox mürəkkəb vəziyyət yaranmışdı. Əslində, hakimiyyət 3 qüvvənin: Azərbaycan hökumətinin bölgədəki nümayəndəsi-general-qubernator S.Cəmillinskinin, Türkiyənin hərbi nümayəndəsi Xəlil bəyin və Kəlbəli xan və onun tərəfdarlarının əlində idi. Bölgənin ermənilərdən azad edilməsində onlar birgə mübarizə aparsalar da hakimiyyət bölgüsündə, diyarın idarə edilməsində onlar arasında fikir ayrılıqları var idi. Bu ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə S.Cəmillinski Xəlil bəyi Naxçıvan qoşunlarının baş komandanı, rütbəsi artırılmış Kəlbəli xanı isə onun köməkçisi, eyni zamanda, Naxçıvan qoşun dəstəsinin komandiri təyin etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrləri olmuş ətəli xan .Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvan diyarına hərbi və maliyyə köməkliyi göstərir, onun Azərbaycanın ərazisi kimi qorunub saxlanılması üçün siyasi və diplomatik dəstək verirdilər.
(ardı var)
İsmayıl HACIYEV,AMEA Naxçıvan bölməsinin sədri, akademik