Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi

post-img

Naxçıvan Muxtar Respublikası – 100

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi barədə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı sərəncamda deyilir: “2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır... Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.”

Doğrudan da, Naxçıvan elə bir strateji ərazidə yerləşmişdir ki, həm qonşu, həm də böyük dövlətlərin həmişə maraq dairəsində olmuşdur. Ona görə də bu diyar çox çətin sınaqlarla qarşılaşmış və mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Xüsusilə, XIX əsrin 20-ci illərində ermənilərin bu bölgəyə köçürülməsi yerli azərbaycanlıları faciələrlə qarşılaşdırmış və soyqırıma məruz qoymuşdur.

Rusiyada monarxiyanın süqutu

XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılması, siyasi həyatda yeni müstəqil dövlətlərin yaranması Naxçıvan diyarının da taleyində dərin iz buraxmışdı. Rusiyada çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlilik meydana gəlmişdi.

Fevral inqilabı keçmiş Rusiya imperiyasının bütün ərazilərində, o cümlədən Naxçıvanda da tamamilə yeni siyasi şərait yaratdı. 1917-ci il martın 9-da diyarda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə verildi. Bu Komitə Cənubi Qafqazda mülki işləri idarə etmək üçün təsis edilmişdi, ancaq qanunvericilik hüququna malik deyildi. XZK-in sədri V.A.Xarlamov, üzvləri isə M.Y.Cəfərov, K.Abaşidze, M.Papacanov və A.Çxenkeli idi. XZK-in 1917-ci il 26 aprel və 18 iyun tarixli qərarları ilə Naxçıvan diyarına iki müvəkkil (B.Maqsudov, Mxitaryants) təyin edildi.

Naxçıvan, Culfa və Ordubad şəhərlərində Müsəlman və Erməni milli komitələri yaradıldı. Bu komitələr faktiki olaraq yerli idarəetmə funksiyalarını yerinə yetirməyə başladılar. Eyni zamanda, onlar öz silahlı qüvvələrini yaratmaq məqsədilə əhali arasında fəali iş aparırdılar.

1917-ci il noyabrın 11-də Tiflisdə keçirilən müşavirədə gürcü menşevikləri, Azərbaycan müsavatçıları, erməni daşnakları və sağ eserlərin nümayəndələri Rusiya bolşevik hökumətini tanımaqdan imtina etdilər. Belə qərar qəbul edildi ki, Müəssisələr Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək üçün Zaqafqaziya hökuməti yaradılsın. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Gürcü menşeviki E.P.Gegeçkorunin rəhbərlik etdiyi hökumətdə 10 komissarlıq təsis edildi. Zaqafqaziya Komissarlığının əsas fəaliyyət istiqamətlərindən biri regionu bolşevik Rusiyasından ayırmaq və Osmanlı Türkiyəsi ilə münasibətləri nizamlamaqdan ibarət idi.

Zaqafqaziya Komissarlığının yaradılması ilə Naxçıvanın inzibati idarəçiliyində əsaslı dəyişiklik baş vermədi. Diyarda Zaqafqaziya Komissarlığının müvəkkilliyi fəaliyyət göstərsə də, yerlərdə əsas hakimiyyət yenə də Milli Komitənin əlində idi. Naxçıvan şəhərində isə Qarışıq Komitə fəaliyyət göstərirdi.

Ərzincan barışı imzalandıqdan sonra (1917, 18 dekabr) rus qoşunları Cənubi Qafqazı, eləcə də Naxçıvanı tərk etdi. Onların malik olduqları silah-sursatı erməni daşnakları ələ keçirdi. Yerli azərbaycanlılarla müqayisədə ermənilər kifayət qədər silah-sursat üstünlüyünə malik oldu. Rus komandanlığı erməniləri silahlandırdığı halda, müsəlmanlara silah verməkdən imtina edirdi.

Yaranmış şəraitdən istifadə edən ermənilər öz qonşularından torpaqlar qoparmağa çalışırdılar. Ermənlərin bu niyyətlərində Naxçıvan torpaqlarının ələ keçirilməsi ilk planda idi. Bu məqsədlə 1918-ci ilin əvvəllərindən başlayaraq daşnakların silahlı dəstələri Naxçıvana basqınlar etmiş, çoxlu dinc əhalini öldürmüşdü.

Osmanlı komandanlığı ermənilərin törətdikləri vəhşiliklərin davam etdirildiyini daşnaklara xatırladıb türk ordusunun müsəlmanların öldürülməsi təqdirində sadəcə müşahidəçi olmayacağını bildirdi. Türkiyə silahlı qüvvələrinin Qafqaz ordusu Baş komandanı Mehmed Vehib paşa öz ordusuna hücum əmri verdi. Osmanlı ordusunun bütün cəbhə boyu irəliləməsi fevralın 23-də Zaqafqaziya Seyminin açılmasına kimi davam etdi. 1918-ci il fevralın 23-də Zaqafqaziya Komissarlığının əvəzinə yeni orqan – Zaqafqaziya Seymi yaradıldı. Həmin il aprelin 22-də Zaqafqaziya Seymi müstəqil Zaqafqaziya Federativ Respublikasının yaradılması haqqında qərar qəbul etdi. A.Çxenkelinin başçılığı altında 12 nəfərdən ibarət yeni hökumət yaradıldı.

Cənubi Qafqazda müstəqillik dalğası

Cənubi Qafqaz bölgəsində baş vermiş hadisələr son nəticədə Zaqafqaziya Federasiyasının süqutu və üç müstəqil dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan (Ararat) respublikalarının yaranması ilə nəticələndi. Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan əhalisində müəyyən ümidlər yaratdı. Naxçıvan diyarının qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən müəyyən işlər görülmüş, ermənilərin ərazi iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində ilkin cəhdləri dəf edilmişdi.

Erməni tərəfin Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti aparmasına baxmayaraq, Azərbaycan Milli Şurası əzəli Azərbaycan şəhərini–İrəvan şəhərini onlara paytaxt kimi güzəşt edilməsinə razılıq verdi. Azərbaycan hökuməti bu güzəştə getməklə Ermənistanın Azərbaycana qarşı torpaq iddialarından əl çəkəcəyini zənn edirdi. Bu xeyirxahlıq erməni tərəfini yeni-yeni ərazi iddiaları irəli sürməkdən çəkindirmədi. Ermənistan hökuməti bütün İrəvan quberniyasını, Qars vilayətini, Tiflis və Yelizavetpol quberniyalarının bir hissəsini özünün ayrılmaz hissəsi elan edərək, əhalisinin 62,5 faizi azərbaycanlılar olan Naxçıvana da iddia etdiyini bəyan etdi.

İrəvanı siyasi mərkəz kimi Ermənistana vermək məcburiyyətində olan Azərbaycan nümayəndələri şəhəri bu şərtlə güzəştə getməyə razı oldular ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağa, eləcə də İrəvan quberniyasının Naxçıvan diyarına olan iddialarından imtina etsinlər.

Osmanlı dövləti nümayəndələri ilə Batumda aparılan danışıqlarda türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət Ermənistan dövlətinin yaradılmasını təsdiqlədi. 4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin şərtlərinə görə Ermənistan Respublikası Cənubi Qafqazda 9 min kv.km əraziyə malik bir dövlət oldu.

(Ardı var)

İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik

 

Siyasət