Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş – “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı bazadır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu tarixi saziş özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikasını regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevirib. Eyni zamanda neftdən əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artıb.
Əvvəlki dövrlərdə olduğu kimi, 2023-ci ildə də “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. “BP-Azərbaycan” şirkətinin 2023-cü ilin nəticələrinə dair hesabatına əsasən, ötən il konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 504 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 518 milyon dollar xərclənib.
2023-cü ildə “Azəri–Mərkəzi-Şərqi” (ACE) layihəsi çərçivəsində tikinti-quraşdırma işləri nəzərdə tutulmuş qrafik əsasında davam etdirilib. Martın 16-da “Azəri Mərkəzi Şərqi” platformasının dayaq bloku inşa olunduğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb. Dayaq bloku “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “STB-1” barjı vasitəsilə müqavilə sahəsinə çatdırılıb. Qurğu AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Dayaq blokunun dənizdə quraşdırılması əməliyyatları “Azərbaycan” kran barjı vasitəsilə həyata keçirilib. Buna qədər isə dayaq bloku istismar sınaqları vasitəsilə tam yoxlanılıb. Yeri gəlmişkən, ACE platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü isə 153 metr təşkil edir. Bu unikal qurğuya suvurma, neft ixracı və qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir.
Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək artıq tikintisi başa çatdırılmış ACE platformasının üst modullarının dənizə öz daimi yerinə yola salınmazdan əvvəlki hazırlıq vəziyyəti ilə tanış olub.
Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları isə ilin birinci yarısında uğurla başa çatdırılıb. İlk dəfə olaraq təhlükəsizlik sınaqları quruda, həm də azot qazından istifadə edilməklə icra olunub. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilsə də, ACE platformasında buna ehtiyac olmayıb.
Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salınıb. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlanıb.
Daha sonra layihə dənizdə montaj-sazlama işləri ilə davam etdirilib və platforma yaşayış üçün hazır vəziyyətə gətirilib. Bu da platformada heyət sayının artırılmasına və dördüncü rübdə bir sıra mühüm işlərin başa çatdırılmasına imkan yaradıb. İlin son ayında ACE platforması əməliyyatlara təhvil verilib ki, bu da layihə çərçivəsində icra olunan ən mühüm işlərdən biri kimi diqqət çəkir. Eyni zamanda layihə çərçivəsində qazma qurğusunun hazırlığı istiqamətində də işlər davam etdirilib. Həyata keçirilmiş tədbirlər inteqrasiya olunmuş təhvilalma testini heç bir ciddi məsələ aşkarlanmadan başa çatdırmağa imkan yaradıb. Bundan sonra 4 quyu konduktoru tam dərinliyədək uğurla qazılıb. Daha sonra qazma sistemləri bütövlükdə təhvil verilib. ACE platformasında ilk hasilat quyusunun qazılmasına dekabr ayının 4-də başlanılıb.
Bütövlükdə isə, 2023-cü ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda quraşdırılan “Azəri Mərkəzi Şərqi” platformasının tikintisi layihəsi üzrə işlər 97 faiz yerinə yetirilib. Bununla yanaşı, cari ilin əvvəllərində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam etdirilir.
Hesabatda o da bildirilir ki, 2023-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. İl ərzində AÇG-də ümumilikdə, 137 hasilat, 45 su və 8 qaz injektor quyusu istismarda olub. Ötən il 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 363 min barel və ya ümumilikdə, təxminən, 133 milyon barel, yəni 18 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 23 min bareli “Çıraq”, 96 min bareli “Mərkəzi Azəri”, 86 min bareli “Qərbi Azəri”, 58 min bareli “Şərqi Azəri”, 67 min bareli “Dərinsulu Günəşli” və 33 min bareli “Qərbi Çıraq” platformalarının payına düşüb. Yeri gəlmişkən, 2023-cü il dekabr ayının 12-də AÇG layihəsinin səhmdarları “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasilatının əldə olunmasını qeyd ediblər.
AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. İl ərzində müqavilə sahəsində 8 neft hasilatı, 6 su və 1 qaz injektor quyusu tamamlanaraq istismara daxil edilib.
Qeyd edək ki, əsrin neft sazişinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Ötən il Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə, 2 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Mirbağır YAQUBZADƏ
XQ