Bürünc medalçı qızlarla görüş

post-img

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 komandamızın üzvləri ilə görüşüb. 

Federasiya rəhbəri ilk olaraq komandamızın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. O, bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib. 

Ş.Bağırov yeniyetmə voleybolçulara daim öz üzərlərində yaxşı çalışmalarını, gələcəyin güclü, tanınmış voleybolçusu olmaq, əsas millimizin heyətində yer almaq üçün hər zaman ciddi səylər göstərmələrini tövsiyə edib, onlara qarşıdakı yarışlarda və karyeralarında uğurlar arzulayıb. Federasiya rəhbəri hər zaman övladlarının yanında olan və onlara dəstək olan valideynlərə də təşəkkürünü bildirin. 

Sonra AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov çıxış edərək federasiya tərəfindən ölkəmizdə uşaq və yeniyetmə voleybolunun inkişafı istiqamətdə işlərin davam etdirildiyini bildiriblər, həm qızlar, həm də oğlanlardan ibarət komandalarımızın yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inamlarını ifadə ediblər. 

Tədbirdə çıxış edən komandanın baş məşqçisi Şahin Çatma, yeniyetmə voleybolçular və valideynlər AVF rəhbərliyinə yaradılan şəraitə və voleybolun inkişafı ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qabil Yusifoğlu
XQ







İdman