“Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinə başlanılıb

post-img

Qarabağ Universitetində “Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin rəsmi açılışı olub. Layihənin əsas məqsədi təhsil sistemində “yaşıl elmin” inteqrasiyasını genişləndirməklə elmi innovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfə verməkdir.

Layihə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur. Mərasimdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmi şəxsləri iştirak ediblər. Çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri və “yaşıl enerji” layihələrindən danışıblar.

Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”i dəstəkləyən təşəbbüs kimi layihə “Yaşıl elm” icmasının üzvlərinin şəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımı üçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdə tutur.

İki gün davam edən elmi-praktik konfransın məqsədi Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmi yanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat və innovasiyaları dəstəkləməkdir.

Layihə çərçivəsində COP29 konfransı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyə olunub.

Qabil Əliyev
XQ

Elm