Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

post-img

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (BNF) sədrliyi çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eyni zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

XQ xəbər verir ki, iclasda gündəlikdəki bir sıra mühüm məsələlər müzakirə edilib. Gündəlik və əvvəlki iclasların protokolları təsdiqlənib. Sonra Baş katib forumun fəaliyyəti və görülən işlər haqqında hesabat, eləcə də 2026-cı il üçün İş Proqramı və Büdcə layihəsini təqdim edib. 

Tədbirdə, həmçinin BNF-nin strateji tövsiyələrinin icrasına dair monitorinq mexanizmi, Yol Nəqliyyatı Qrupu və Tədqiqat Komitəsinin fəaliyyəti, beynəlxalq nəqliyyat tədqiqatlarının sənədləşdirilməsi üzrə strateji baxış kimi məsələlər barədə məlumatlar təqdim olunub.

Azərbaycan tərəfi vurğulayıb ki, 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramı ölkəmizin sədrliyi dövrünün prioritetlərini – beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafı istiqamətlərində hazırlanacaq tövsiyələri dəstəkləməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

Qeyd edək ki, Azərbaycanın BNF-də sədrlik dövründə prioritetləri beynəlxalq nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Forumun üzvlüyünün genişləndirilməsi, ECMT Çoxsaylı Lisenziya Sisteminə üzv ölkələrin sayının artırılması ilə bilik mübadiləsinin təşviqi məsələlərini əhatə edir. Bu istiqamətlər çərçivəsində Azərbaycan dayanıqlı, inteqrasiya olunmuş və innovativ nəqliyyat siyasətinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Həmçinin iclasda 2026-cı il Sammitinin proqram layihəsi barədə məlumat təqdim olunub və Azərbaycan sədrliyinin nazirlər üçün tövsiyə sənədinə dair təklifləri müzakirə edilib.

Toplantının sonunda Türkiyənin 2027 – 2028-ci illər üzrə BNF sədrliyini öz üzərinə götürəcəyi elan olunub. İştirakçı ölkələr əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. 













İqtisadiyyat