Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Yaşıl kitabxanalar” adlı nəşr işıq üzü görüb.
Tədris-metodik vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin müəllifi MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
XQ xəbər verir ki, müəllif kitabda ölkəmizdə ekoloji davamlılıq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmasını, ekoloji mühitin saflaşdırılmasının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb. S.Məmmədova Prezident İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı verdiyi sərəncamların, qəbul olunmuş müxtəlif dövlət proqramlarının ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılmasına xidmət etdiyini qeyd edib. Metodiki vəsaitdə Azərbaycan kitabxanalarının, xüsusilə Mərkəzi Elmi Kitabxananın yaşıl hərəkata uğurla qoşulduğundan bəhs edilib. Kitabxana tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər, elmi-praktiki konfranslar, virtual və ənənəvi sərgilər, MEK-in tərtibatında işıq üzü görən “Təbiət bir kitabdır”, “Azərbaycan ekologiyası” adlı nəşrlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi dəyərləndirilib.
Nəşrdə eyni zamanda, dünyada yaşıl kitabxanalar, yaşıl kitabxana bina standartları, İFLA-nın yaşıl kitabxanalar sahəsində fəaliyyəti, dünyanın ən məşhur yaşıl kitabxanaları haqqında məlumatlar yer alıb.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının daxil edildiyi metodiki vəsait “Azərbaycanda ekoloji davamlılıq və yaşıl dünya naminə həmrəylik”, “Yaşıl kitabxanalar”, “Yaşıl kitabxana bina standartları”, “Dünyada Yaşıl Kitabxana Assosiasiyaları”, “Dünyanın yaşıl kitabxanaları”, “Azərbaycan kitabxanalarında yaşıl hərəkat”, “Davamlı gələcək üçün kitabxanalar”, “Yaşıl Kitabxanalar Manifesti: iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olan kitabxanalar” başlıqlı bölmələrə ayrılıb.
Kitab kitabxanaçılar, kitabxana sahəsi ilə maraqlanan oxucular, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

