III MƏQALƏ
Sülh və əməkdaşlıq: yeni məzmunda əlaqələr
Regionda sülhün təmini ilə əməkdaşlığın yeni məzmunda qarşılıqlı əlaqələndirilməsi Azərbaycanın sülhsevər xarici siyasət kursunun əsas xüsusiyyələrindən biridir. Onun praktiki reallaşdırılması kifayət qədər incə və məharətli siyasi-diplomatik fəaliyyət tələb edir. Çünki XXI əsrin çağırışları göstərir ki, liderlərin verdikləri vədlərə əməl etməsi asan deyildir. Hətta özünü ən güclü sayan dövlətlərin başçıları belə sözlərini bir sıra hallarda yerinə yetirə bilmirlər. Nümunə kimi, ABŞ prezidenti Donald Trampın İsrail–Fələstin, İsrail–İran və Rusiya–Ukrayna münaqişələri ilə əlaqədar seçkidən öncə verdiyi vədlərlə indiki reallıq arasında ciddi fərqlərin olmasını göstərə bilərik.
D.Tramp seçki kampaniyasında Rusiya-Ukrayna müharibəsini çox sürətlə dayandıracağını vəd edirdi. Hətta “2 saat” kimi ildırımsürətli həll yoluna işarə edirdi. Lakin hazırda Rusiya prezidenti cəmiyyətə müraciət edərək deyir ki, “müharibə davam edəcək”. İsrailin İran və Fələstinlə münasibətlərinin normallaşdığından bəhs etmək də imkansızdır.
Bunlar nəyi ifadə edir? Liderin zəifliyinimi? Yaxud qeyri-səmimiliyinimi? Demək çətindir. Ancaq mütləq nəzərə almaq lazımdır ki, ümumiyyətlə, XXI əsr son dərəcə mürəkkəb və turbulent dinamikaya malikdir. Burada heç nəyin və heç kimin sığortası yoxdur. Ümid qalır hər bir liderin şəxsi keyfiyyətlərinə və liderlik məharətinə!
Cənubi Qafqaz heç də dünya miqyasından az geosiyasi ziddiyyətlərə malik deyildir. Burada uzun illərdir ki, onsuz da son dərəcə mürəkkəb vəziyyət yaranmışdır. Özü də bütövlükdə geosiyasi mənzərə Azərbaycanın əleyhinə idi. Ona görə də bu cür çətin və mürəkkəb vəziyyətdə uğurlu sülhsevər siyasəti davamlı aparmaq dövrümüzün siyasi liderlik dahiliyini tələb edir. Faktiki olaraq, sülhyaratma ilə regional əməkdaşlıq arasında yeni məzmun bağlantısını praktiki olaraq formalaşdırmaq lazım gəlir. Konkret nümunələr üzrə bu tezisi əsaslandıraq.
Azərbaycan–Gürcüstan əməkdaşlığı
Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra rəsmi Bakının xarici siyasətində Gürcüstan istiqaməti xüsusi yer tutdu. Heydər Əliyev hər Tbilisi səfərində enerji sferasında strateji əməkdaşlığın önəmini vurğulayırdı. Qarşıya çıxarılan bir sıra əngəllərin aşılmasında da Heydər Əliyev həlledici rol oynadı. Nəticədə, sözün həqiqi mənasında Azərbaycanın mehriban qonşuluq siyasəti regionda ciddi dəyişiklik etdi. Son 300 ildə ilk dəfə olaraq Cənubi Qafqazın dövlətlərindən biri digərinin maksimum dərəcədə dost keyfiyyətində enerji sahəsində əməkdaşlığa cəlb edillməsi üçün mümkün olan hər şeyi etdi. Bu, Heydər Əliyevin timsalında Cənubi Qafqazda real davamlı sülhyaratma prosesi ilə regional əməkdaşlığın daxili siyasi və məntiqi bağlılığını təmin etməyin ilk nümunəsi idi.
Deməli, faktiki olaraq Heydər Əliyev keçən əsrin son onilliyində başqa nümunələrlə yanaşı regional sülhyaratma ilə əməkdaşlığın yeni məzmunda sintezini formalaşdırmaqla politoloji yeniliyə imza atdı. Çünki region tarixində həmin nümunənin oxşarı yoxdur. Hətta əsrlərlə Azərbaycanla Gürcüstanı fərqli geosiyasi müstəviyə yerləşdirmək kimi bir xətt seçmişdilər. Həmin xəttin başlıca geosiyasi xüsusiyyəti Azərbaycanla Ermənistanı qarşı-qarşıya qoymaqla Gürcüstanı regional miqyasda ondan kənarda saxlamaqdan ibarət idi.
Bununla faktiki olaraq regionun üç dövləti bir-birindən fərqli geosiyasi maraq güdməyə məcbur qalmışdı. Azərbaycan isə məhz bu xətti darmadağın etdi. Uzun sürən illərdən sonra konkret enerji layihələri ilə regional əməkdaşlığın təməlinə sülhü yerləşdirdi və Gürcüstanı bu prosesə daxil edərək ziddiyyətlərdən birini neytrallaşdırdı. Bununla həm də regionun əsas münaqişə mənbəyi olan Ermənistanın tədricən sülhə və əməkdaşlığa gəlməsinin geosiyasi bazasını yaratdı.
İndi Azərbaycanla Gürcüstan kifayət qədər səmimi və obyektiv ədalətli şərtlər daxilində strateji tərəfdaşlıq edirlər və regionun maraqları naminə çox işlər görməyə istiqamətlənmişlər.
Erməni təcavüzünün ram edilməsi
1993-cü ilin iyunundan Azərbaycan Respublikasının xarici siyasətində Ermənistanın yeri və rolu dəqiqləşdirildi. Ulu öndər onun üç əlamətini çıxışlarında göstərmişdir.
Birincisi, Ermənistan uzun illər havadarlarının dəstəyi ilə anti-Azərbaycan siyasəti aparmışdır və bunun cavabını alacaqdır.
İkincisi, Ermənistan yalnız Qarabağın bir hissəsini işğal etməmişdir – o, həm də Qərbi Azərbaycanın işğalı və oradan azərbaycanlıların deportasiyası nəticəsində havadarlarının yaratdığı qondarma dövlətdir və buna görə də cavab verəcəkdir.
Üçüncüsü, Azərbaycan Respublikası üçün ilk dövləti vəzifə milli ideya səviyyəsində ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməkdən ibarətdir.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının regional və qlobal kontekstdə Ermənistana münasibəti də çox maraqlıdır. Onun əsas mahiyyətini Ulu öndər dəqiq müəyyən etmişdir. Yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra Ermənistan regional sülhyaratma prosesinə və əməkdaşlığa qoşula bilər. “Siyasi qapı”nın əsrlərdir qəvi düşmənçilik etmiş bir qövmə açıq saxlanması Azərbaycan liderinin böyük humanitar, sülhsevər və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş siyasi iradəsinin ifadəsidir. Nəzəri baxımdan vurğulanan özəllik iki siyasi parametrin əlamətini ifadə edir
Birincisi, Azərbaycan Respublikası əsas məqsəd kimi ərazi bütövlüyü və suverenliyin təminini seçmişdir. Bu, əbədi düşmənçilik deyildir, tarixi ədalətin bərpa olunmasıdır. Lakin Azərbaycan heç zaman unuda bilməz ki, indi “Ermənistan” adlanan ərazi tarixi Qərbi Azərbaycandır. Bunun hesabı isə başqa mövzudur.
İkincisi, indiki mərhələdə ərazi bütövlüyü və suverenliyin təmini Ermənistanın regional təhlükəsizlik, əməkdaşlıq və humanitarlıq mühitinə inteqrasiyasına əsas yarada bilər. Bu, Bakının regional sülhsevərliyinin mühüm əlamətini təşkil edir. Azərbaycan milli ideyasını reallaşdırdıqdan sonra rəqibi təcrid etməklə deyil, ümumregional proseslərə inteqrasiya etməklə yeni geosiyasi mənzərə formalaşdırmağa çalışır. Bu aspektdə Prezident İlham Əliyevin aşağıdakı fikirləri çox maraqlı və əhəmiyyətlidir. Dövlət başçısı 2025-ci ilin aprel ayında keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq konfransda bəyan etmişdir: “İşğal illərində bizim başlıca xarici siyasi prioritetimiz ərazi bütövlüyünün təmini olmuşdur. Bütün cəhdlərimizin məqsədi suverenliyin və ərazi bütövlüyünün təminindən ibarət olmuşdur..., çünki bu, Azərbaycan xalqı və Azərbaycan dövlətinin milli ideyası idi”.
Bu fikirlərdən Azərbaycanın xarici siyasətinin sülhsevərliyi ilə humanitarlığının qarşılıqlı əlaqələrinə maraqlı keçid mövcuddur.
Regionlararası transformasiya
Azərbaycanın xarici siyasətinin sülhsevərlik komponentini yalnız regional miqyasla məhdudlaşdırmaq doğru olmazdı. Bakı daha geniş geosiyasi məkanda bu xətti inkişaf etdirir. O cümlədən, türk dövlətləri ilə münasibətlərində sülhsevərliyin humanitarlıqla vəhdətinə nail olmuşdur. Burada humanitarlıq faktorunun önə çıxarılması sülhsevərliyin məhdud etnik-mədəni çərçivədə deyil, bütövlükdə ümumbəşəri kontekstdə məzmun aldığının göstəricisidir. Yəni Azərbaycan rəhbərliyi xarici siyasəti mahiyyətcə humanitar xarakterdə formalaşdırmışdır. Bu, hansısa ikinci dərəcəli parametr deyildir, ölkənin xarici siyasət kursunun mahiyyətinə aiddir. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf dinamikası prizmasında həmin məqam aydın görünür.
Özbəkistan Prezidenti Ş.Mirziyoyevin Xankəndiyə səfəri zamanı aparılan müzakirələrin ruhu və məzmunu irəli sürülən tezisi təsdiq edir. Danışıqlarda Azərbaycan Prezidenti demişdir: “Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.
İlham Əliyev Azərbaycanla Özbəkistanın əməkdaşlığının rəsmi müttəfiqlik səviyyəsinə yüksəlməsini öncədən müəyyən edilmiş xarici siyasət kursunun məntiqi nəticəsi kimi təqdim edir. Nəzərə alaq ki, Özbəkistanla rəsmi müttəfiqlik II Qarabağ müharibəsində əldə edilən böyük qələbədən sonra reallaşmışdır. Bu o deməkdir ki, Bakı faktiki olaraq regional miqyasda sülhsevərliyi və humanitarlığı regionlararası miqyasa uğurla proyeksiya edə bilmişdir.
Bu da son deyildir və onunla əlaqədar Azərbaycanın dövlət başçısı çox maraqlı fikir bildirmişdir. İlham Əliyev demişdir: “Əlbəttə, son illər münasibətlərimiz indi Sizin də dediyiniz kimi, tamamilə başqa səviyyəyə yüksəlir. Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiqik. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq, Sizinlə razılığa gəldiyimiz kimi, nəzarət olunacaq və həllini tapacaq”.
Deməli, strateji müttəfiqlik yaxın qonşuluq və yaxın dostluqla tamamlanır. Müasir dünyada baş verənlər göstərir ki, bu, böyük nemətdir. Çünki rəsmən strateji müttəfiqlər heç də gerçəkdən yaxın qonşu və dost ola bilmirlər. Bu, humanitarlığın çox əhəmiyyətli göstəricisidir.
Azərbaycan Prezidenti həmin prosesin daha dərində olan faktorları haqqında da bəhs etmişdir. Dövlət başçısı demişdir: “Biz iki yaxın xalqıq və tarixdə ortaq tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqteyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə götürdüyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək”.
Beləliklə, Azərbaycanın xarici siyasətinin sülhsevərliyi ilə humanitarlığının rəsmi müttəfiqlik çərçivəsində dəqiq məzmunu və strukturu mövcuddur. Orada siyasi aspektlə mənəvi, tarixi, geosiyasi və mədəni aspektlər bir-biri ilə sıx əlaqədədir. Bu anlamda etnik-mədəni bağlılığı olmayan, lakin səmimi müttəfiqlik edən istənilən dövlət Azərbaycana dost ola bilər. “Dost” anlayışı bu cür yanaşmada birbaşa siyasi və geosiyasi məna çaları alır. Məntiqi olaraq belə alınr ki, Azərbayan üçün strateji müttəfiq həm də potensial “dost” və “qardaş”dır. Həmin prizmada Rusiya da əsl dost ola bilər. Buna Azərbaycan tərəfdən məhdudiyyət yoxdur.
Üzərində dayandığımız bir sıra özəlliklər göstərir ki, Azərbaycanın xarici siyasətinin sülhsevərliyi ilə humanitarlığı maraqlı şəkildə qarşılıqlı əlaqədədirlər. Onların vəhdəti Cənubi Qafqazda yeni xarici siyasət kursu nümunəsinin formalaşdığını göstərir. İndiki mərhələdə həmin özəllik regional miqyası aşaraq regionlararası səviyyədə müsbət bəhrələrini verir. Burada diqqəti politoloji aspektdə çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan sülhsevərlik və humanitarlıq kimi faktorlarla dostluq və qardaşlığın geosiyasi-hüquqi anlamları arasında bağlantı yarada bilmişdir. Bu, təbii ki, sülh və əməkdaşlıq kontekstlərində müasir xarici siyasətdə əhəmiyyətli bir özəllikdir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru