Bələdiyyələrin fəaliyyətində insan hüquqları mövzusunda təlim keçirilib

post-img

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “Bələdiyyələrin fəaliyyətində insan hüquqları aspekti” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi bələdiyyə fəaliyyətində insan hüquqlarının qorunması, hesabatlılığın gücləndirilməsi və yerli idarəetmədə şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların artırılması olub.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri vəzifəsini icra edən Hamlet Babayev çıxış edərək mövzunun əhəmiyyətini vurğulayıblar.

Nazirliyin əməkdaşı Rövşən Mirzəyev bələdiyyə fəaliyyətində hesabatlılığın yerli səviyyədə insan hüquqlarının təmin olunmasının əsas amillərindən biri olduğunu qeyd edib. Təlimçi-ekspert Zümrüd Əlizadə isə bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar barədə iştirakçılara məlumat verib.

Sonra Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Heydər Əliyev bələdiyyələrin dövlət qurumları və vətəndaşlarla qarşılıqlı əlaqələri, eləcə də yerli icra hakimiyyəti ilə bələdiyyələrin fəaliyyət koordinasiyasından bəhs edib.

Təlim çərçivəsində vətəndaşların bələdiyyələrlə bağlı gündəlik həyatda qarşılaşdıqları çətinliklər və problemlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb. Təlim qiymətləndirmə mərhələsi və sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Səbuhi HƏSƏNOV













Sosial həyat