Avropanın çox hissəsi son günlər ekstremal hava şəraitinin təsiri altındadır. Portuqaliyada iyunun sonundan bəri istilər ən azı 284 nəfərin həyatına son qoyub. Demək olar ki, hamısının yaşı 85-dən yuxarıdır. Alentexo bölgəsi üçün yüksək temperatur proqnozu ilə bu rəqəmin daha da arta biləcəyi potensial riski var.
Məlumatı “Euronews” yayıb.
Portuqaliyanın materik hissəsindəki Mora şəhərində gündüz 46,6°C rekord göstərici qeydə alınıb.
Meşə yanğınları ilə əlaqədar İspaniya hakimiyyəti ölkənin şimal-şərqindəki Tarraqona əyalətinin sakinlərini evdə qalmağa çağırıb. Onlarla insan təxliyə edilib. Güclü külək yanğınların yayılmasına kömək edir. Artan yanğın hazırlığı krallığın geniş ərazilərində qüvvədədir.
Fransanın cənubunda vəziyyət ağırdır. İyulun 8-də şəhər kənarında baş verən yanğınlar səbəbindən Marsel hava limanında bütün reyslər ləğv edilib. Marselin özündə bir neçə avtomobil tuneli bağlanıb və avtobusların hərəkətində fasilələr var. Küləyin apardığı yanğınlardan çıxan tüstü hətta Köhnə Liman ərazisində də görünür. Şəhər meriyası 450 nəfərin təxliyə edildiyini elan edib.
Bu arada Macarıstanda leysan yağışlar və dolu yağıb, ildırım çaxıb. Güclü külək yaşayış binalarının damlarını uçurub. Qasırğa nəticəsində elektrik xətləri sıradan çıxıb, bir çox evlər işıqsız qalıb.
P.ƏMİRCANOV
XQ