Türkiyənin xarici işlər naziri Hakan Fidan İslamabadda pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə birgə mətbuat konfransında bildirib ki, Türkiyə şirkətləri İslamabadla əldə olunan razılaşmadan sonra Pakistan sahillərində neft və təbii qaz axtarışlarına başlayacaq. Məlumatı “Anadolu” verib.
XİN başçısı qeyd edib ki, türk şirkətləri ilk dəfə Pakistanda neft və təbii qaz kəşfiyyatında iştirak edəcək: “Və bu, bizim daha strukturlaşdırılmış işimizin nəticələrindən biri olacaq”.
Türkiyəli nazir Türkiyə ilə Pakistan arasında qarşılıqlı ticarət həcminin 5 milyard dollara çatdırılması istiqamətində atılan addımlara da diqqət çəkib. Onun sözlərinə görə, nəzərdən keçirilən mexanizmlərə “mədənçıxarma, təbii qaz, neft və nadir torpaq metalları sahəsində əməkdaşlıq mexanizmləri” daxildir: “Bu kontekstdə bu ilin aprelində Türkiyə Neft Şirkəti (TPAO) ilə Pakistanın milli neft şirkətləri arasında imzalanmış saziş çox mühüm addımdır. Bu saziş Türkiyə və Pakistan şirkətlərinə Pakistan sahillərində neft və təbii qaz kəşfiyyatında iştirak etməyə imkan verəcək və bu, ilk dəfə həyata keçiriləcək”.
P.ƏMİRCANOV
XQ