İbrahim Kalın İraqda sərhəd təhlükəsizliyini müzakirə edib

post-img

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bazar ertəsi Bağdadda bir sıra ikitərəfli görüşlər keçirərək sərhəd təhlükəsizliyi və terrora qarşı birgə mübarizəni, o cümlədən “Terrorsuz Türkiyə” təşəbbüsünü müzakirə edib. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Kalın rəsmi təmaslar aparmaq üçün Bağdada gəlib. Səfər çərçivəsində o, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, daha sonra isə ölkə prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. İclasda baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseyn də iştirak edib.

Bundan əlavə, MİT rəhbəri İraqın müdafiə naziri Sabit Bişar, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Həmid Şatri, Suverenlik Uğrunda Alyansın lideri Xamis əl-Xancar və parlamentin sədri Mahmud Məşhədani ilə danışıqlar aparıb.

Görüş zamanı sərhəd təhlükəsizliyinin təmin edilməsi və regionun terrordan azad edilməsi üzrə birgə tədbirlər müzakirə edilib. Görüşlərdə İraq tərəfi Türkiyənin terrorla mübarizədə göstərdiyi səylərə hərtərəfli dəstəyini ifadə edib.

Regional sabitliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilib.

P.ƏMİRCANOV
XQ

Dünya