Fransızlar özləri də Makrondan narazıdırlar

post-img

Rəy sorğusu bunu bir daha təsdiqlədi

Fransa prezidenti Emmanuel Makronun və baş nazir Fransua Bayrunun reytinqi ölkə daxilində sürətlə aşağı düşməkdədir. Əhali arasında hökumətə etimadsızlıq əsasən sosial-iqtisadi problemlər, bahalaşma və miqrasiya siyasəti ilə bağlı narazılıqlarla izah olunur. Xüsusilə böyük şəhərlərdə və orta təbəqə arasında Makronun siyasətinə qarşı dərin narazılıq müşahidə edilir. Bayrunun başçılıq etdiyi hökumətin parlamentdə sabit çoxluğa malik olmaması da ictimai etimadın azalmasına təsir göstərir.

Son dövrlər həyata keçirilən bəzi sosioloji sorğular hər iki siyasətçinin reytinqinin ilin əvvəlindən bəri ən aşağı səviyyəyə endiyini göstərir. Fransa Rəy və Marketinq Tədqiqatları İnstitutunun (IFOP) “Journal Dimanche”nin sifarişi ilə həyata keçirdiyi sorğunun nəticələri bu baxımdan istisnalıq təşkil etməyib. Bəri başdan deyək ki, nəticələr baş nazir Bayru və prezident Makron üçün ürəkaçan deyil. Sorğunun nəticələrinə görə fransızların 80 faizi F.Bayrunun baş nazir vəzifəsinə təyin edilməsindən narazıdır. Bu, onun 2024-cü ilin dekabrında təyinatından bəri ən aşağı səviyyədir və sələfləri ilə müqayisədə reytinqinin çox aşağı olduğu bildirilir.

Baş nazirin reytinqinin aşağı olmasının səbəbləri barədə onu qeyd etmək lazımdır ki, tənqidçilər onun yaşının çox olduğunu və günün çağırışlarına çevik reaksiya verə bilmədiyini əsas gətirirlər. Qeyd edək ki, F.Bayru 1951-ci il mayın 25-də dünyaya gəlib, hazırda 75 yaşın içindədir. Baş nazirin yaşı ictimai rəyin formalaşmasında əsas amillərdən biri kimi göstərilir. Cəmiyyətin xüsusən gənc və şəhərdə yaşayan təbəqəsi bu yaşda olan siyasətçinin texnoloji inkişaf, ekoloji böhran, yaşıl enerji kimi aktual məsələlərə adaptasiyasını çətin hesab edirlər. Bundan başqa, yaşlı liderin dəyişən siyasi dinamikaya uyğun çevik komanda formalaşdırmaq bacarığı da daim tənqid mövzusudur. Sosial şəbəkələrdə və mediada “keçən əsrin siyasətçisi” kimi təqdim olunması isə Bayruya olan ictimai etimadı zəiflədir.

Baş nazirdən narazılığın digər səbəblərindən biri onun təyinatının şəffaflıqdan uzaq olması və xalqla məsləhətləşməyə əsaslanmamasıdır. Bayrunun siyasi karyerası uzun olsa da, geniş ictimai dəstəyə malik olmadığı vurğulanır. Onun Makronun tərəfdaşı kimi qəbul edilməsi yeni baş nazirin xalqı deyil, prezidentin maraqlarını təmsil etdiyi fikrini gücləndirib. Xüsusilə solçu seçicilər bu təyinatın parlament seçkilərindəki nəticələri nəzərə almadan verildiyini bildirirlər. Bayrunun iqtisadi və sosial problemlərlə bağlı proqramının aydın olmaması da Fransa cəmiyyətində narahatlıq doğurur. Gənclər arasında onunla bağlı ümidsizlik daha güclüdür. Xüsusən işsizlik, təhsil və mənzil problemlərinin həllində ona etibar azdır. Mediada isə Bayrunun əvvəllər korrupsiya ittihamları ilə üzləşməsi barədə xatırlatmalar ictimai rəydə mənfi rəy yaradır. Təyinatın Makronun siyasi manipulyasiyası kimi qiymətləndirilməsi hökumətə olan ümumi etimadı daha da zəiflədir. Ümumilikdə, fransız cəmiyyətində Bayrunun baş nazirliyi böhrandan çıxış yolu deyil, siyasi dalanın davam etməsi kimi nəzərdən keçirilir.

***

E.Makronun populyarlıq reytinqi də may ayından bəri iki pillə aşağı düşüb. Sorğuda iştirak edən fransızların 77 faizi Makronun fəaliyyətindən narazı, 45 faizi isə çox narazıdır. Onun populyarlıq reytinqi xüsusilə gənclər arasında aşağı düşüb. Yəni, 18-24 yaşlı gənclər arasında səkkiz ballıq azalma müşahidə olunub.

Fransa prezidentinin ictimai reytinqində müşahidə olunan eniş onun siyasi kursuna və idarəetmə metoduna qarşı artan narazılığın göstəricisi kimi şərh oluna bilər. Xüsusi diqqətçəkən məqam isə Makronun populyarlığının ən çox gənc fransızlar arasında aşağı düşməsidir. Bu yaş qrupunda səkkiz ballıq eniş onun gənc nəslin gözləntilərini qarşılaya bilmədiyini göstərir. Ekspertlər bu durumu sosial bərabərsizlik, təhsil imkanlarının məhdudlaşması, işsizlik və artan inflyasiya ilə izah edirlər. Eyni zamanda, Makronun gənclərlə birbaşa təmasdan yayınması, onlarla açıq dialoqa girməməsi də etimadın azalmasına səbəb olub. Gənclər arasında yaşanan ruh düşkünlüyü, əslində, Fransa cəmiyyətində mövcud olan ümumi siyasi inamsızlığın gənc nəslə də sirayət etdiyini göstərir. Populyar görünmək üçün apardığı bəzi islahatlar, məsələn, pensiya yaşının artırılması, əksinə, geniş etirazlara səbəb olub. Bu kontekstdə Makronun nəinki sosial bazası zəifləyib, həm də onun “yenilənmiş Fransa” iddiası getdikcə daha az inandırıcı görünməyə başlayıb. Gənclərin siyasətdən uzaqlaşması və radikal mövqelərə meyl etməsi isə ölkə üçün yeni sosial böhranların xəbərçisidir.

E.Makronun xarici siyasəti də son illər ciddi uğursuzluqlarla yadda qalıb. O, həm Afrika, həm Yaxın Şərq, həm də Cənubi Qafqaz istiqamətində Fransa diplomatiyasını ifrat birtərəfli və reallıqdan uzaq istiqamətə yönəldib. Xüsusilə Azərbaycanla bağlı ədalətsiz və aşkar qərəzli mövqeyi rəsmi Parisin regiondakı nüfuzuna ağır zərbə vurub. Fransanın Ermənistanı açıq şəkildə dəstəkləməsi, eyni zamanda, Azərbaycan əleyhinə əsassız ittihamlarla çıxış etməsi onun bölgədə təsir imkanlarını sıfıra endirib. Paris bu siyasətlə nə Cənubi Qafqazda söz sahibi oldu, nə də beynəlxalq nüfuzunu artıra bildi. Makronun bu istiqamətdəki ritorikası Fransa diplomatiyasını tənqid obyektinə çevirib. Eyni zamanda, Afrika ölkələrinin ard-arda Fransa əleyhinə mövqe tutması, hərbi bazaların çıxarılması və diplomatik münasibətlərin zəifləməsi Parisin qitədəki postkolonial təsirini sürətlə itirdiyini göstərir. Sahel bölgəsində mövqelərin zəifləməsi Makronun “qlobal oyunçu” iddialarını alt-üst edib. Ukrayna müharibəsi fonunda balanslı siyasət apara bilməməsi, eləcə də NATO daxilindəki çəkişmələrdə ziddiyyətli mövqe tutması Fransanın geosiyasi çəkisini zəiflədib. Hazırda Makronun xarici siyasəti həm regionlarda uğursuz sayılır, həm də daxildə ciddi ictimai narazılıqla qarşılanır. Bütün bunlar isə keçirilən sosioloji sorğularda öz əksini tapır.

Mövzu üzrə fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, E.Makron 2017-ci ildə prezident seçiləndən bir il sonra ölkədə “Sarı jiletlilər” hərəkatı başlayıb. Onun sözlərinə görə, Makron seçkiqabağı dövrdə Fransa cəmiyyətinin üzləşdiyi əsas sosial problemlərin həllini vəd etmişdi: “Amma onları nəinki həll edə bilmədi, əksinə, yeniləri baş qaldırdı. Bunun nəticəsində cəmiyyətdə onun mövqeləri laxlamağa başladı. Makronun xarici siyasətinin uğursuz olması da onun reytinqinin aşağı düşməsinin əsas səbəblərindən biridir. O, olduqca ziddiyyətli xarici siyasət yürüdən dövlət başçısıdır. Hazırda Makron ikinci prezidentlik müddətindədir. Biz onun ikinci dönəmdə də bir sıra qalmaqallarla üzləşməsinin şahidiyik. Onun yersiz çıxışları və atdığı müəyyən addımlar, bəzi xarici dövlətlərə, o cümlədən Azərbaycana qərəzli münasibəti, vəziyyəti süni şəkildə gərginləşdirməsi bir faktdır. Halbuki, Makronun hakimiyyətə gəlişinədək Azərbaycanla Fransa arasında yaxşı münasibətlər olub. Fransa hər zaman ermənipərəst siyasət yürütsə də, əvvəlki dövlət başçıları Bakı və İrəvan arasında balans yaratmağa çalışırdılar. Makron isə birmənalı şəkildə ermənipərəst mövqe tutdu. Nəticədə Azərbaycanla münasibətlər korlandı”.

Siyasi ekspert bildirdi ki, Makron Avropa İttifaqının siyasətinin formalaşdırılmasında mühüm rol oynamaq istəyir, amma bu zaman ittifaqla ABŞ-ın münasibətlərinin korlanmasına səbəb olur: “O, ABŞ-ı Aİ-yə dəstək verməməkdə suçlayır. Aİ-nin NATO-dan ayrı, öz ordusunun yaradılması təklifi ilə çıxış edir. Makron NATO-nun üzv dövlətlər üzrə xərclərinin artırılması məsələsində də Vaşinqtonla razılaşmır. Ağ ev bildirir ki, o, alyansın artan xərclərini təkbaşına qarşılaya bilməz. Digər üzv ölkələr bununla razılaşır, təkcə Fransa prezidenti buna qarşı çıxır. Amma Trampın təzyiqləri nəticəsində Aİ ABŞ-ın təkliflərini qəbul etdi. Nəticədə ittifaq üzvləri NATO-nun xərclərinin 5 faiz artırılmasına razılaşdılar. Fransa Aİ-nin əsas ölkəsi rolunu öz üzərinə götürməyə iddialı olsa da buna tam nail ola bilmədi. Ümumiyyətlə, Makronun yürütdüyü xarici siyasət onun və hökumətinin reytinqinin düşməsinin əsas səbəbləri sırasındadır”.

Müsahibimiz Makronun 2 il sonra hakimiyyətdən gedəcəyini vurğulayaraq seçkilərdə onun təsisçisi və sədri olduğu “İrəli, Respublika!” partiyasını təmsil edən namizədinin seçilməsinin mümkünsüzlüyünü vurğuladı: “Makronun nəinki özünün, onun baş nazir təyin etdiyi Bayrunun, hökumət üzvlərinin də nüfuzu kəskin şəkildə aşağı düşüb. Makronun sol düşərgədən olan şəxsi deyil, sağçı-liberal dünyagörüşlü birini baş nazir vəzifəsinə irəli sürməsi onun daha bir səhvi idi. Nəticədə Fransada prezidentlə baş nazirin siyasəti üst-üstə düşməyə başladı. Əgər onların siyasəti fərqli olsaydı, populyarlıq səviyyəsi bu qədər aşağı olmazdı. Sorğu göstərir ki, Makron və Bayru daha çox gənclər arasında nüfuzlarını itirirlər. Bu gün Fransada gənclər əhalinin 25-27 faizini təşkil edirlər. Belə böyük kütlə arasında Makrondan narazılıq və inamsızlıq olması onun vaxtından əvvəl prezidentlikdən getməsinə də səbəb ola bilər”.

Səxavət HƏMİD
XQ

Siyasət