Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Alphabet” şirkəti “Google”un süni intellekt sahəsindəki infrastruktur layihələrinin genişləndirilməsi üçün 80 milyard dollar həcmində vəsait cəlb etməyi planlaşdırır.
XQ-nin məlumatına görə, bu barədə “CNBC” telekanalı xəbər yayıb.
Bildirilir ki, maliyyə vəsaiti süni intellekt texnologiyalarına marağın sürətlə artması fonunda məlumat emalı və hesablama imkanlarının genişləndirilməsinə yönəldiləcək. Şirkət həm korporativ, həm də fərdi istifadəçilərdən gələn yüksək tələbatı qarşılamaq üçün texniki bazasını gücləndirməyi hədəfləyir.
Maliyyələşdirmə planına əsasən, “Berkshire Hathaway” holdinqi “Alphabet”ə 10 milyard dollar sərmayə yatıracaq. Bundan əlavə, şirkət qiymətli kağızların zəmanətli yerləşdirilməsi vasitəsilə daha 30 milyard dollar toplamağı nəzərdə tutur. Həmin məbləğin 15 milyard dolları məcburi konvertasiya olunan imtiyazlı qiymətli kağızları təmsil edən depozitar səhmlərin hesabına təmin ediləcək.
Qalan 40 milyard dolların isə cari ilin üçüncü rübündə başlaması planlaşdırılan A və C sinifli səhmlərin bazarda yerləşdirilməsi proqramı çərçivəsində əldə olunacağı gözlənilir.
“Google” son illərdə süni intellekt istiqamətində investisiyalarını davamlı şəkildə artırır. Şirkət bu ilin aprel ayında 2026-cı il üzrə kapital xərcləri proqnozunu əvvəlki 175–185 milyard dollar diapazonundan 180–190 milyard dollara yüksəldib. Şirkətin baş icraçı direktoru Sundar Piçai əsas çağırışlardan birinin hesablama resurslarının məhdudluğu olduğunu vurğulayıb.
Ekspertlərin qiymətləndirmələrinə görə, “Alphabet”, “Microsoft”, “Meta” və “Amazon” kimi texnologiya nəhəngləri təkcə bu il kapital xərclərinə ümumilikdə 700 milyard dollardan artıq vəsait ayıracaqlar. Proqnozlara əsasən, 2027-ci ilə qədər qlobal süni intellekt infrastrukturu bazarına yatırılan investisiyaların həcmi 1 trilyon dolları keçə bilər.
Qeyd olunur ki, “Alphabet”in səhmləri son 12 ay ərzində iki dəfədən çox dəyər qazanıb. İnvestorlar şirkətin süni intellekt strategiyasını və “Gemini” platforması əsasında hazırlanan texnologiyaların tətbiqini müsbət qiymətləndirirlər.

