Səmərqənddə Eco Expo Central Asia 2026 beynəlxalq ekoloji sərgisi keçirilir

post-img

Səmərqənddəki İpək Yolu Sərgi Mərkəzində Eco Expo Central Asia 2026 beynəlxalq ekoloji sərgisinin rəsmi açılış mərasimi keçirilir.

Genişmiqyaslı tədbirdə 100-dən çox ölkənin o cümlədən Azərbaycanın  nümayəndələr, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpusun üzvləri, investorlar, ətraf mühit məhsulları istehsalçıları, innovativ həllərin inkişaf etdiriciləri, eləcə də dövlət qurumlarının və ekspert icmasının təmsilşiləri iştirak edir.

Sərginin açılışında Özbəkistan Prezidentinin müşaviri və Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov, BMT Baş katibinin müavini və BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) baş direktoru Qretel Aqilar, Qlobal Ətraf Mühit Fondunun baş direktoru vəzifəsini icra edən və Strategiya və Əməliyyatlar üzrə direktoru Klod Qaskon və BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi Səbinə Mahl və başqaları çıxış ediblər.

Əziz Abduhakimov öz çıxışında Eco Expo Central Asia sərgisinın praktik tərəfdaşlıqların inkişaf etdirilməsi, investisiyaya cəlbedici ekoloji layihələrin hazırlanması, birgə təşəbbüslərin irəli sürülməsi və davamlı inkişafda uzunmüddətli əməkdaşlığın gücləndirilməsi üçün səmərəli beynəlxalq platformaya çevrilməyi hədəflədiyini vurğulayıb. Onun sözlərinə görə, forumun əsas mesajı təbii sərvətləri və gələcək nəsillər üçün əlverişli mühiti qoruyarkən qabaqcıl ekoloji texnologiyaların tətbiqi ilə iqtisadi artımın təmin edilməsi zərurətidir.

Çıxışı zamanı o, həmçinin Səmərqəndin Mərkəzi Asiyada yaşıl investisiya və innovasiya paytaxtı elan edilməsini təklif edib. Şəhərin ekoloji diplomatiya, davamlı maliyyələşdirmə və müasir ekoloji texnologiyaların təşviqi üçün beynəlxalq platforma kimi mövqeyini ardıcıl olaraq gücləndirdiyi vurğulanıb.

Bu sərgidə təxminən 10 min yerli və beynəlxalq nümayəndən iştirakı gözlənilir. Burada ekoloji cəhətdən təmiz məhsullar, texnologiyalar və xidmətləri nümayiş etdirən 68-dən çox pavilyon quraşdırılıb.

Eco Expo Central Asia 2026 sərgisində yaşıl enerjinin inkişafı, tullantıların təkrar emalı, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişaf məqsədlərinə çatmaq mövzularına həsr olunmuş forumlar, təqdimatlar da daxil olmaqla 50-dən çox tematik tədbirin keçirilməsi planlaşdırılır.

İyunun 5-dək davam edəcək tədbirlərdə ekoloji layihələrlə bağlı 200-dən çox müqavilənin imzalanması gözlənilir. 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Səmərqənd

 







Sosial həyat