Dövlət Komitəsinin sədri Almaniya Hökumətinin xüsusi müvəkkili ilə görüşüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 2-də Almaniya Federativ Respublikası Hökumətinin Almaniyada yəhudi həyatı və antisemitizmlə mübarizə üzrə müvəkkili Feliks Klayn ilə görüşüb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa əsasən həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə tarixən formalaşmış tolerantlıq və birgəyaşayış ənənələri uğurla qorunaraq inkişaf etdirilir. O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlərboyu qarşılıqlı hörmət və etimad şəraitində yaşayaraq zəngin mənəvi-mədəni xüsusiyyətlərin formalaşmasına töhfə veriblər. Komitə sədri Azərbaycanın alman mirasının qorunmasına da xüsusi önəm verdiyini, ölkəmizdə yaşamış alman icmalarının tarixi-mədəni və dini irsinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Ramin Məmmədov bildirib ki, respublikada dövlət qeydiyyatlı 994 dini qurumun 38-i qeyri-islam təmayüllü dini icmalardır. Katolik, pravoslav, protestant, yəhudi, alman lüteran və digər inancları təmsil edən bu icmaların fəaliyyətinin dəstəklənməsi prioritet istiqamətlərdəndir.

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın və etnik müxtəlifliyin qorunmasına yönəlmiş dövlət siyasətini yüksək qiymətləndirdiyini ifadə edib. O, müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi üçün yaradılmış şəraitin diqqətəlayiq olduğunu bildirib. Azərbaycanda antisemitizm hallarının müşahidə olunmamasını müsbət nümunə kimi dəyərləndirdiyini qeyd edərək, müxtəlif dini və etnik qrupların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamasının uğurlu təcrübə olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann da iştirak edib.





Sosial həyat