Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin Slovakiyanın nüfuzlu “Hospodárske noviny” qəzetinə verdiyi geniş müsahibə Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasət strategiyasının nə qədər məqsədyönlü və praqmatik olduğunu növbəti dəfə təsdiq edir. Müsahibədə Azərbaycanın həm enerji siyasəti, həm də diplomatik əlaqələrində Şərq-Qərb arasında dayanıqlı körpü rolunu oynadığı nümayiş etdirilir.
Müsahibənin əvvəlində Hikmət Hacıyev region ölkələrini – xüsusilə Slovakiya və Çexiyanı – Azərbaycanın “ənənəvi dost və tərəfdaşı” kimi təqdim edir. İlk baxışdan H.Hacıyevin fikri diplomatik nəzakət formasında səslənsə də, əslində, Azərbaycanın Qərbə inteqrasiya siyasətinin yeni istiqamətini – Mərkəzi Avropa vektorunu – açıq şəkildə nümayiş etdirir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı regionlar səviyyəsində fərqli və praqmatik kanallarla aparılır. H.Hacıyevin qeyd etdiyi kimi, Slovakiya və Çexiya ilə münasibətlər iqtisadi, tarixi, mədəni və siyasi yaxınlıqlara da əsaslanır.
Mövcud yanaşma, həmçinin Azərbaycanın Avropa daxilində əlaqələrini şaxələndirmək və Qərbin daxili strukturunda balans yaratmaq cəhdini əks etdirir. Əgər Qərbi Avropada Azərbaycanın strateji tərəfdaşları enerji və ticarət nəhəngləri ilə təmsil olunursa, Mərkəzi və Şərqi Avropada isə daha çevik, lakin sabit və açıq əməkdaşlıq üçün platforma yaradan ölkələrlə münasibətlər inkişaf etdirilir. Mərkəzi Avropa ölkələrinin, xüsusilə Slovakiyanın enerji təhlükəsizliyi gündəmində Azərbaycanın rolu getdikcə artır. Avropanın enerji xəritəsində alternativ təchizat mənbələrinə ehtiyac artdıqca, Bakı bu ehtiyacın real ödəyicisinə çevrilməkdədir.
***
Hikmət Hacıyevin müsahibəsində enerji Azərbaycanın xarici siyasətinin mühüm strateji aləti kimi ön plana çıxır. Hazırda Azərbaycan qazı birbaşa səkkiz Avropa ölkəsinə çatdırılır və ümumilikdə 12 ölkə bu resursdan istifadə edir. Məhz bu rəqəmlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kritik rol oynayan bir oyunçuya çevrildiyini sübut edir. H.Hacıyev müsahibəsində Azərbaycanın artıq bazarın tələbini qarşılayan reaktiv aktor yox, strukturun özünü formalaşdırmaq istəyində olan proaktiv aktor olduğunu göstərir.
Mühüm məqam odur ki, Azərbaycan bu strateji dəyişiklikləri Qərb ilə münasibətlərdə etibarlılıq platforması üzərində qurur. Prezidentin köməkçisinin qeyd etdiyi kimi, Azərbaycan “heç bir zaman siyasi şərtlərlə işləməyib” və “enerji əməkdaşlığı təzyiq alətinə çevrilməyib”. Bütün bu amillər Azərbaycanın enerji siyasətini Rusiya ilə müqayisədə daha etibarlı, daha praqmatik və daha öhdəlikli tərəfdaş kimi göstərmək üçün incə bir strateji mesajdır. Eyni zamanda, müsahibədə qeyd olunan “top indi Avropa İttifaqının tərəfindədir” ifadəsi özündə Bakının real diplomatiyasını əks etdirir. Azərbaycan Avropaya uzunmüddətli qaz təchizatı üçün texniki və resurs bazasına malikdir, lakin bunun üçün infrastruktur və müqavilə bazası Avropadan gəlməlidir.
***
H.Hacıyev müsahibəsində Azərbaycan diplomatiyasının ən səciyyəvi xüsusiyyətlərindən biri kimi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunu xüsusi vurğulayır. Azərbaycanın eyni vaxtda Rusiya, İran və Çin kimi avtoritar meylli regional güclərlə, eləcə də ABŞ, Avropa İttifaqı və İsrail kimi Qərb yönümlü aktorlarla paralel, stabillik əsasında əməkdaşlıq etməsi onun xarici siyasətindəki praqmatizmin və rasional maraq əsaslı yanaşmanın bariz nümunəsidir.
Balanslı kurs Bakı üçün bir sıra üstünlüklər yaradır. Qlobal güclər arasında artan qarşıdurmalar fonunda Azərbaycan birtərəfli bloklara qoşulmaqdan yayınaraq siyasi manevr imkanlarını qoruyur. Beləliklə, Bakı özünü böyük güclərin rəqabət meydanına çevirmədən milli maraqlarına uyğun siyasət yürüdə bilir. Diplomatik kanalların hər tərəfə açıq qalması Azərbaycanın həm enerji ixracı, həm də investisiya cəlbi baxımından çevik və sərfəli danışıqlar aparmaq imkanlarını artırır. Xüsusilə, Rusiya–Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral və humanitar əsaslı mövqeyi ona regionda vasitəçi və balanslaşdırıcı aktor kimi reputasiya qazandırır.
Müsahibədə qeyd olunan İsrail–İran balansı da bu yanaşmanın əyani nümunəsidir. Bakı İsraillə strateji təhlükəsizlik əməkdaşlığı qurduğu halda, eyni zamanda İranla gərginliyi azaltmağa və “normal qonşuluq münasibətləri” saxlamağa çalışır. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəal rolu da bu siyasətin institusional platforması rolunu oynayır. Bakı bu təşkilat çərçivəsində bir tərəfdən inkişaf etməkdə olan ölkələrin səsini beynəlxalq arenada təmsil edir, digər tərəfdən isə hərbi və siyasi bloklara qoşulmadan müstəqil siyasət yürütmək hüququnu qoruyur.
***
H.Hacıyevin Qarabağ məsələsinə dair verdiyi cavablar Azərbaycanın post-münaqişə dövründə yürütməkdə olduğu “diplomatik normalizasiya və hüquqi legitimasiya” xəttinin konturlarını aydın şəkildə göstərir. Onun “müharibə başa çatıb, sərhədlərdə sabitlik var, faktiki sülh mövcuddur” sözləri Azərbaycanın hərbi qələbəsinin diplomatik üstünlüyə çevrildiyinin nümayişi üçün strateji olaraq səsləndirilir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı yalnız faktlara əsaslanan “sülh reallığını” təqdim etmir, eyni zamanda, bu reallığın hüquqi və beynəlxalq müstəvidə tanınması üçün konkret addımlar atılmasını tələb edir. H.Hacıyevin Ermənistan konstitusiyasında yer alan ərazi iddialarının aradan qaldırılmasını “sonuncu addım” adlandırması, əslində, Ermənistanın hüquqi sənədlərində sülhə zidd məqamların dəyişdirilməsini Bakı üçün ilkin şərt kimi müəyyən etdiyini göstərir. O, eyni zamanda, qeyd edir ki, Qarabağ artıq müzakirə mövzusu deyil və “erməni silahlı birləşmələri tamamilə çıxarılıb”. Burada Azərbaycanın məsələni yekunlaşdırmaq istədiyini göstərən diplomatik siqnal var. Lakin Ermənistan konstitusiyasında dəyişikliklər aparılmadan, prosesin tam bağlanmadığı da açıqca bəyan edilir. Yəni, faktiki sülh var, lakin “de-yure” sülh üçün hələlik hüquqi maneələr mövcuddur.
Azərbaycan bu məqamda beynəlxalq hüquqa və normativ sənədlərə əsaslanaraq, regionda sabitlik və sülhün institusional zəminini yaratmaq istəyir. Bakı artıq yalnız “ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkə” deyil, həm də regionda sülhün şərtlərini müəyyən edən aktor kimi çıxış edir.
***
H.Hacıyevin müsahibəsində xüsusi yer ayrılan mövzulardan biri də Azərbaycan–Türkiyə münasibətləridir. Onun Prezident Rəcəb Tayyib Ərdoğanı “sabitləşdirici lider”, Türkiyəni isə “qlobal aktor” kimi təqdim etməsi Bakı–Ankara əlaqələrinin real geosiyasi maraqlarla vəhdət təşkil etdiyini göstərir. Azərbaycan diplomatiyasında “bir millət, iki dövlət” ifadəsi uzun illərdir mədəni və siyasi paradiqma kimi istifadə olunur. İndi bu münasibət strateji sinxronluq səviyyəsinə yüksəlib. İki ölkənin yalnız siyasi ritorikada deyil, faktiki siyasət, diplomatik təşəbbüslər, təhlükəsizlik konsepsiyaları və beynəlxalq platformalarda da bərabər mövqedə çıxış edir.
Hacıyevin Türkiyənin regional və qlobal miqyasda oynadığı rolu “pozitiv və konstruktiv” adlandırması Ankaranın artan təsir imkanlarının Bakı tərəfindən milli maraqların qorunması və genişləndirilməsi üçün rıçaq kimi dəyərləndirildiyini göstərir.
***
Azərbaycan Prezidentinin köməkçisinin müsahibəsində Azərbaycan diplomatiyasının Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyi həm etik, həm də praqmatik əsaslara söykənir. Bakı nə Rusiya ilə qarşıdurmaya girir, nə də Qərbin gözündə passiv qalır. Bu siyasət neytrallıqla humanitar məsuliyyətin sintezidir.
Neytral mövqe və hərbi iştirakdan yayınmaq Bakının gələcəkdə tərəflər arasında vasitəçi və ya dialoq təşəbbüskarı kimi çıxış etməsinə zəmin yaradır. Eyni zamanda, Rusiya ilə sərhəd və ticarət əlaqələrini qoruyaraq Qərblə enerji və diplomatik tərəfdaşlıq imkanlarını genişləndirmək balansın qorunmasında əsas şərtdir. Bütün bunların fonunda Azərbaycan modelini “hərbi bloklardan kənar, lakin diplomatik cəhətdən aktiv və humanist mövqeyə malik ölkə” kimi xarakterizə etmək olar.
Ən mühüm strateji element isə “ərazi bütövlüyü prinsipinə sadiqlik” tezisinin açıq şəkildə ifadə olunmasıdır. H.Hacıyevin bu vurğusu Azərbaycan diplomatiyasının doğma tarixindən doğan beynəlxalq hüquqa bağlılıq mesajıdır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təcrübəsi fonunda Bakı üçün bu prinsip fundamental xarakter daşıyır və universal tətbiqini dəstəkləmək, əslində öz legitimliyini qorumaq deməkdir.
Dövlətin bu siyasəti bir neçə strateji məqsədə xidmət edir. Azərbaycan həm regionda sabitliyi qoruyan məsuliyyətli qonşu, həm də beynəlxalq hüquqa sadiq müasir dövlət imici yaradır. Neytral mövqe və hərbi iştirakdan yayınmaq Bakının gələcəkdə tərəflər arasında vasitəçi və ya dialoq təşəbbüskarı kimi çıxış etməsinə zəmin yaradır.
Bütün bunların fonunda Azərbaycan modelini “hərbi bloklardan kənar, lakin diplomatik cəhətdən aktiv və humanist mövqeyə malik ölkə” kimi xarakterizə etmək olar. Məhz bu model dəyişkən qlobal nizamda çox az sayda ölkənin bacardığı realist neytrallıq və prinsipial hüquqi mövqe sintezini əks etdirir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevin Slovakiya mətbuatına verdiyi müsahibə Azərbaycanın regional və qlobal siyasətdə tutduğu mövqeyin çoxşaxəli və adaptiv olduğunu nümayiş etdirir. Son olaraq qeyd edilməlidir ki, bu siyasətin təməlində real siyasətə söykənən çevik enerji diplomatiyası, təhlükəsizlikdə balanslı mövqe və yeni geosiyasi arxitekturaya uyğunlaşma bacarığı dayanır. Azərbaycan artıq yalnız bölgə ölkəsi deyil, o, Şərqlə Qərb arasında “körpü” yox, “oyunçudur”.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru