Müstəqilliyin bərpası və suverenliyin təmin edilməsi tarixi uğurdur

post-img

Konstitusiya və Suverenlik İli –2025

Tarixi taleyini müstəqil müəyyən etmək, öz ərazisinə, sərvətlərinə sahib olmaq, milli-mənəvi dəyərlərini qoruyub yaşatmaq xalqımızın ən böyük arzusu olmuşdur. Azərbaycanın bərpa edilmiş dövlət müstəqilliyi və suverenliyi bu baxımdan xalqımızın milli mənlik şüurunun, ictimai-siyasi iradəsinin təntənəsidir.

Əsrlər boyu xarici müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin əvvəllərində dirçəldib itirdiyi dövlət müstəqilliyini 70 il sonra bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında ölkənin yeni Əsas Qanununun hazırlanması nəzərdə tutulsa da, həmin dövrdə daxili siyasi çəkişmələr, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü buna imkan verməmişdir.

Müstəqilliyin ilk dövründə ölkə idarə-olunmaz vəziyyətdə idi. Ermənistanın genişlənən işğalçı siyasəti nəticəsində torpaqlarımız davamlı olaraq itirilirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində, demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında birbaşa əlaqə yarandı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz nicatını ölkəmizdən ayrı düşmüş Naxçıvanda xilaskarlıq və milli dövlət quruculuğunu uğurla gerçəkləşdirən ümummilli lider Heydər Əliyevi ölkədə hakimiyyətə dəvət etdi. Xalq öz xilasını və təminatlı gələcəyini yalnız dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin dərin zəkasında və yenilməz iradəsində görürdü.

Məhz belə bir şəraitdə, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Yeni Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident Heydər Əliyevin 1 noyabr 1996-cı il tarixli fərmanı ilə hər il noyabrın 12-sinin ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməsi qərara alındı.

Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində sonrakı dövrdə milli dövlətçilik ideyası sürətlə gerçəkləşdirildi, müstəqil Azərbaycan dövləti möhkəmləndirildi. Dövlətimiz dahi liderinin rəhbərliyi ilə yeni yüksək inkişaf mərhələsinə qədəm qoydu. Dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən irimiqyaslı islahatlar həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi quruculuq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının yenidən hazırlanması və digər bir sıra mühüm vəzifələrin öhdəsindən məharətlə gəldi.

Ulu öndər yaxşı bilirdi ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. Odur ki, böyük rəhbər xalqımıza tövsiyə edirdi: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilməklə yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.

Müstəqil Azərbaycan Prokurorluğunun hüquqi əsasları da məhz 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycan Prokurorluğunun formalaşmasında rolu əvəzedilməz olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən norma Konstitusiyaya daxil edilməklə prokurorluq orqanlarının dövlət təsisatları içərisində yeri müəyyənləşdirilib.

Ulu öndərin tapşırıqlarına müvafiq olaraq 2002-ci ildə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə əsasən prokurorluq orqanlarına qanunvericilik təşəbbüsü hüququ verilmiş, məhz onun rəhbərlik etdiyi dövrdə prokurorluğun beynəlxalq və milli standartları özündə əks etdirən bir qurum kimi formalaşması üçün bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Qəbul edilmiş qanunvericilik aktlarında prokurorluq orqanlarının əsas fəaliyyət istiqaməti və prinsipləri ətraflı şəkildə təsbit edilmişdir.

Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ Prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir.

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi həm də hüquqi islahatların daha sistemli həyata keçirilməsi və vətəndaşların hüquqi biliklərinin artırılması məqsədi daşıyır. Bu təşəbbüs hüquqi təhsil və maarifləndirməni gücləndirməklə vətəndaşların konstitusiya hüquqları ilə bağlı məlumatlılığını artırır. Hüquqi maarifləndirmə cəmiyyətin hüquqi şüurunun formalaşmasında mühüm rol oynayır. Konstitusiya dəyərlərinin təbliği hüquq dövlətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirlər hüquqi biliklərin genişlənməsinə və qanunun aliliyinin möhkəmləndirilməsinə xidmət edir. "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi gələcək hüquqi islahatların planlaşdırılması və həyata keçirilməsi üçün mühüm zəmin yaradır. Dövlət suverenliyinin qorunması və hüquq sisteminin modernləşdirilməsi Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.

Günel BAYRAMOVA,
Bakı şəhəri Nizami rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas

Siyasət