Tramp Kiyevə müdafiə silahları göndərəcəyini təsdiqləyib

post-img

ABŞ Prezidenti Donald Tramp Ukraynaya müdafiə silahlarının göndərilməsinə razılıq verdiyini təsdiqləyib. Məlumatı “İnterfaks.ru” verib.  

“Biz Ukraynaya müdafiə silahları göndərmək niyyətindəyik”, – o, çərşənbə axşamı jurnalistlərə bildirib.

Bundan əvvəl “Axios” portalı məlumat vermişdi ki, ABŞ prezidenti qısa müddət ərzində “Patriot” hava hücumundan müdafiə sistemi üçün Kiyevə 10 kəsici raket göndərməyi öhdəsinə götürüb.

Bundan əlavə, alman mənbəsinin məlumatına görə, Almaniya kansleri Fridrix Merz Trampa zəng edərək Almaniyanın sonradan Ukraynaya təhvil verilməsi üçün ABŞ-dan “Patriot” batareyaları almağa hazır olduğunu bildirib.

Bundan əvvəl Pentaqon ABŞ prezidentinin göstərişinə uyğun olaraq Ukraynaya müdafiə silahlarının partiyasını göndərəcəyini açıqlamışdı.

P.ƏMİRCANOV
XQ

Dünya