Ermənistan parlamenti növbədənkənar iclasında respublikanın baş prokuroru Anna Vardapetyanın müxalifətçi “Ermənistan” fransiyasının üzvü Artur Sarqsyana qarşı cinayət işinin başlanması ilə bağlı vəsatətini təmin edib. “İnterfaks”ın məlumatına görə, petisiyanın təmin edilməsinə yalnız hakim fraksiyadan olan deputatlar səs verib.
Vardapetyan petisiyanı təqdim edərkən bildirib ki, 2025-ci il martın 18-də İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı istintaq üzrə Baş İdarəsinə Milli Təhlükəsizlik Xidmətindən məlumat daxil olub ki, bir sıra şəxslər, o cümlədən Sarqsyan və artıq həbsdə olan Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan 2024-cü ilin iyulundan 2025-ci ilin martına qədər Ermənistanda terror aktları törətməyə və hakimiyyəti ələ keçirməyə hazırlaşıb.Vəsatətdə “terror aktının hazırlanması və bir qrup şəxs tərəfindən hakimiyyəti ələ keçirmə” maddəsi ilə cinayət işinin başlanmasına əsas verən istintaq materialları var.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın baş naziri, parlamentin sədri və xarici işlər nazirinin ölümlə hədələndiyi barədə telefon danışığının fraqmentini dərc edib.
Hakim çoxluq Sarqsyanın həbsi ilə bağlı vəsatəti təmin edib.
Sarqsyan isə İstintaq Komitəsinin həyətində jurnalistlərə deyib ki, ona qarşı irəli sürülən terror aktlarının hazırlanması ilə bağlı ittihamlar “uydurmadır”.
P.ƏMİRCANOV
XQ