Şəmkirdə rayon icra hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi ” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Əvvəlcə Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev deyib ki, “Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədilib”
Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Rayon rəhbəri çıxışının sonunda qeyd edib ki, "bu gün dövlət başçımızın həyata keçirdiyi prioritet məsələlərdən olan Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır.”
Tədbirdə çıxış edən digər natiqlər müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir